...

Agentlik: Peşə məktəblərində tədris prosesi oktyabrın 15-dək distant olacaq

Cəmiyyət Materials 1 Oktyabr 2020 13:48 (UTC +04:00)
Agentlik: Peşə məktəblərində tədris prosesi oktyabrın 15-dək distant olacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Xüsusi karantin rejimi dövründə peşə təhsili müəssisələrində tədris prosesi 15 oktyabr tarixinədək distant olaraq davam etdiriləcəkdir.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, 15 oktyabr tarixindən etibarən tədris prosesinin hibrid olaraq - əyani və distant formalarda davam etdirilməsi nəzərdə tutulur. Belə ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yerləşən peşə təhsili müəssisələrində tədrisin əyani formada həftədə 2 dəfə, digər şəhər və rayonlarda yerləşən peşə təhsili müəssisələrində isə həftədə 3 dəfə tətbiq edilməklə uyğunlaşdırılmış tədris planları əsasında həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, distant tədrisin təşkili zamanı əsasən nəzəri modul və fənlərin tədrisinə üstünlük
verilir. Distant dərslər virtual məktəb platforması üzərindən təşkil edilir və dərs saatının müddəti 30
dəqiqə müəyyən edilir. Sözügedən tədris prosesinin təşkili zamanı həmçinin teledərslərin izlənməsi
xüsusi ilə təşviq edilir.

Əyani tədrisin təşkili zamanı dərslər yarımqruplar şəklində, qrupda tələbə sayı 15 nəfərdən az
olduğu təqdirdə isə tam qrup şəklində aparılacaqdır. Riyaziyyat, azərbaycan dili, xarici dil və
çağırışaqədərki hazırlıq kimi fənlərinin tədrisi əyani formada aparılacaqdır. Həmçinin tədris dili rus dili
olan tədris qruplarında rus dili əyani tədris ediləcəkdir. Dərslər növbəli cədvəl əsasında təşkil olunacaq,
bundan əlavə modul və fənnin nəzərdə tutulan ümumi dərs saatları saxlanılmaqla, təlim nəticələri üzrə
mövzular birləşdirilərək yarımqruplarda tədris ediləcək. Ümumtəhsil fənləri üzrə əyani dərslər həftədə
3 dəfə tətbiq edildikdə həftəlik əyani tədris saatı 6 saat, həftədə 2 dəfə tətbiq edildikdə 4 saat, rus
bölməsi üzrə isə 5 saat təşkil edir.

Məlumat üçün bildiririk ki, əyani tədris formasında dərs saatı 30 dəqiqə müəyyən edilir.
İstehsalat təlimi və modul üzrə praktiki dərslərdə 2 dərsin birləşdirilərək tədris edilməsi nəzərdə tutulur.
Modullar blok formada ayrılmış cəmi dərs saatının miqdarı dəyişmədən onun tədrisinə ayrılan həftələr
qısaldılaraq tədris ediləcək. Modul üzrə qiymətləndirmə bütün təlim nəticələrinin tədrisi başa
çatdıqdan sonra 2 həftə ərzində aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti