Bakı. Trend:
Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, YAP Gəncə şəhər təşkilatının təşəbbüsü ilə bir qrup gənc könüllü Vətən uğrunda canlarından keçən şəhidlərimizin ailələrini ziyarət edir, gündəlik qayğıları, problemləri ilə yaxından maraqlanırlar.
Trend-in məlumatına görə, bu dəfə gənclər Azərbaycanın suverenliyi uğrunda şəhid olan Fərəcullayev Elşad İsa oğlunun Gəncənin Məhsəti qəsəbəsində yaşayan ailəsini ziyarət ediblər.
Şəhidin 5 övladını hər biri söhbət zamanı xatirələrindən, atalarının həyat yolundan, müqəddəs amal uğrunda gedən müharibədəki döyüş qəhrəmanlığından, onun mehribanlığından, arzularından danışıblar. Onlar fəxrlə bildiriblər ki, ataları Vətən torpaqlarını düşmən tapdağından azad olunmasında qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb.
Şəhidlərin xatirəsi daim uca tutulduğunu, şəhid ailələrinin isə dövlətin daim diqqət və qayğısı ilə əhatə olunduqlarını bildirən gənclər qeyd ediblər ki, Elşad Fərəcullayev kimi qəhrəmanlarımızın xatirəsi heç zaman unudulmayacaq, gələcək nəsillərə örnək göstəriləcək.