...

Oxçuçayda ağır metalların miqdarı normadan on dəfələrlə çox qeydə alınır - İşçi Qrupu

Cəmiyyət Materials 30 Avqust 2021 12:26 (UTC +04:00)
Oxçuçayda ağır metalların miqdarı normadan on dəfələrlə çox qeydə alınır - İşçi Qrupu

Bakı. Trend:

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda Azərbaycan Respublikası Prezidentinin Şuşa və Ağdam nümayəndəliklərinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və digər müvafiq dövlət qurumlarının məsul nümayəndələri iştirak ediblər.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində hərbi-siyasi, sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli ilə bağlı Fəaliyyət Planı” üzrə ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə işğaldan azad edilmiş rayonlarda aparılan kompleks monitorinqlər, o cümlədən transsərhəd çayların çirklənməsinə nəzarət edilməsi və radioekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə aparılan monitorinqlər haqqında qrup üzvlərinə məlumat verilib. Həmçinin Fəaliyyət Planının icrası ilə bağlı aidiyyəti qurumların nümayəndələri tərəfindən məlumatlar verilmiş, tədbirlərin icrası zamanı qarşıya çıxan məsələlərin həlli istiqamətində müzakirələr aparılmışdır.

Ətraf mühitə və təbii sərvətlərə vurulmuş zərərlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qanunvericiliyə uyğun qiymətləndirmələr aparılmış və Zəngilan, Qubadlı, Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Tərtər rayonları və Şuşa şəhəri üzrə araşdırma materialları hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim edilmişdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən davamlı olaraq işğaldan azad edilmiş rayonların ərazisindən keçən çayların müəyyənləşdirilmiş nöqtələrindən su və dib çöküntüsü nümunələrinin götürülməsi işləri aparılır. Həmin nümunələr üzrə təhlillər aparılır və çirkləndiricilərin dinamikası hazırlanır. Transsərhəd çaylarda aparılan monitorinqlər zamanı Şərqi Zəngəzur ərazisində Oxçuçaydan götürülmüş su nümunələrində ağır metalların (mis, molibden, manqan, dəmir, sink, xrom və s.) miqdarı normadan on dəfələrlə çox qeydə alınır. Hazırda Oxçuçayda dib çöküntülərindən müxtəlif səviyyələrdən götürülmüş nümunələr üzrə qiymətləndirmə aparılır.

İclasda həmçinin yanacaq tələbatının meşə oduncağı hesabına tam ödənilməsi mümkün olmadığı üçün digər alternativ yanacaqlardan istifadəyə üstünlük verilməsi ilə bağlı müzakirələr aparılmışdır. Hazırda ölkəmizdə tullantı materiallarından (fındıq qabığı, kənd təsərrüfatı məhsullarının istehsalından yaranan tullantılar və s.) briketləşmiş kömür istehsalı getdikcə genişlənir. Bu yanacaq növündən istifadə əlavə xərclərə (nəqliyyat, yanacaq, əl əməyi, vaxt, daşınma üstünlüyü, istilikverməyə görə oduncaqdan üstün olması və s.) qənaət etməklə yanaşı xüsusi əhəmiyyətli meşələrimizə təzyiqi azalda bilər.

Qeyd olunanları nəzərə alaraq aidiyyəti qurumlar tərəfindən yanacaq kimi meşə oduncağı əvəzində alternativ yanacaq növlərindən istifadə olunması istiqamətində işlər planlaşdırılır.

Qrup fəaliyyətini İdarələrarası Mərkəzin digər işçi qrupları ilə sıx əlaqə və məlumat mübadiləsi formatında həyata keçirməkdədir.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti