...

Bolqarıstan uşaqların qayğısına qalır

Cəmiyyət Materials 4 Mart 2022 13:45 (UTC +04:00)
Bolqarıstan uşaqların qayğısına qalır

Bakı. Trend:

Bolqarıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi və SOS Uşaq Kəndləri Azərbaycan İctimai Birliyi 2021-ci ilin dekabr ayında Bulgarian Development Aid təşəbbüsü vasitəsilə SOS Uşaq Kəndləri Azərbaycan himayəsindəki uşaqların təhsilinə dəstək məqsədilə razılaşmışdır. Belə ki, davam edən COVİD-19 pandemiyası uşaq və gənclərin kəsintisiz təhsil almasına dəstək mövzusu prioritet məsələlərdən biri olaraq qalmışdır. UNİCEF təşkilatının 2020-ci il Sentyabr tarixli son hesabatına əsasən dünyada 1 milyarda yaxın uşaq COVİD-19 pandemiyasının təsiri səbəbindən məktəblərdən uzaq qalıb və bu uşaqlardan 463 milyonu internet və ya digər kommunikasiyalara çıxışı və/və ya texniki avadanlıqlar olmadığı üçün onlayn və rəqəmsal təhsildən uzaq qalıb. SOS Uşaq Kəndləri Azərbaycan olaraq pandemiya dövründə himayəmizdəki uşaq və gənclərin kəsintisiz təhsilini ilk hədəflərimizdən olaraq görməyimizə baxmayaraq Bakı və Gəncə SOS Uşaq Kəndlərində himayəmizdəki 100-dən artıq uşaq məktəb təhsillərinin təkmilləşdirilməsinə ehtiyac duyur. Bunu nəzərə alaraq Bolqarıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi ilə birlikdə 200 uşağın təhsil həyatına dəstək vermək məqsədilə razılıq əldə edilmişdir.

Dəstək anlaşmasının şərtlərinə əsasən SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası İctimai Birliyi himayəsində olan 200 uşaq üçün Bakı və Gəncə şəhərlərində ana dili, İngilis dili, riyaziyyat və ibtidai siniflərə hazırlıq dərsləri üzrə 12 ay müddətində hazırlıq kurslarının təşkili, kurslarının maddi texniki təminatı və uşaq və valideynlərə psixo-sosial yardım kimi xərclərin Bulgarian Development Aid təşəbbüsü hesabına ödəmək razılaşdırılmışdır.

Fəaliyyətlərin davamı olaraq 01 Mart 2022-ci il tarixində Bolqarıstanda geniş qeyd edilən Baba Marta – baharın gəlişi bayramını Bolqarıstan Səfirliyinin əməkdaşları SOS Uşaq Kəndləri Bakı fillialını ziyarət edərək uşaqlarla birlikdə bayramı qeyd etmişlər. Ziyarət zamanı Baba Marta bayramının atributlarından olan martenitsa hazırlanması ustad sinifləri və milli rəqslərin ifası həyata keçmişdir.

SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası İctimai Birliyi haqqında

“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası ictimai birliyi 1997-ci ildə Azərbaycan Respublikası Hökuməti ilə dünyanın 137 ölkəsində fəaliyyət göstərən “SOS Kinderdorf İnterneyşnl” Beynəlxalq Təşkilatı arasında imzalanmış razılaşmaya əsasən, 1999-cu ildə təsis edilmişdir. Ümummilli lider Heydər Əliyevin iştirakı ilə 2001 - ci ildə Bakı SOS Uşaq Kəndinin rəsmi açılış mərasimi keçirilmişdir. 2005-ci ildə isə Gəncə SOS Uşaq Kəndi öz fəaliyyətinə başlamışdır.

Artıq 20 ildir fəaliyyət göstərən “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyinin əsas məramı kimsəsiz, valideyn himayəsindən məhrum olmuş uşaqlara ailə tipli qayğı göstərmək, uşaqların müəssisələrə düşməsinin qarşısını almaq və çətin həyat şəraitində olan ailələri sosial xidmətlərlə təmin etməkdir. Assosiasiyanın məramı kimsəsiz, atılmış və valideyn himayəsindən məhrum olmuş uşaqlara ailə mühitində daimi qayğı göstərməkdən ibarətdir.

SOS Uşaq Kəndləri Azərbaycan və onun fəaliyyəti haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.soschildren.az internet səhifəsinə daxil olun və ya 012 498 82 98-ə zəng edin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti