Zəngilan . Trend:
"Yaxın zamanlarda Oxçuçayın su keyfiyyətinə nəzarət fasiləsiz onlayn şəkildə həyata keçiriləcək".
Trend-in Zəngilana ezam olunan əməkdaşı xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, azad olunmuş ərazilərdə 11 avtomat hidroloji stansiyadan 4-ü Ermənistanla sərhəddən 10,01 km məsafədə Şayıflı kəndi ərazisində Oxçuçay, 2,65 km məsafədə Zəngilan rayonun Rəzdərə kəndi ərazisində Bəsitçay və 6,5 km məsafədə Qubadlı rayonunun Əliquluuşağı kəndi ərazisində Bərgüşad çayları, o cümlədən 6,2 km məsafədə Ağbənd qəsəbəsində Araz çayı üzərində quraşdırılır.
U.Tağıyeva deyib ki, qonşu ölkələrin ərazilərindən keçərək Azərbaycana daxil olan çaylarda transhərhəd çirklənmənin onlayn şəkildə müəyyən edilməsi məqsədilə keyfiyyət sensorları ilə təchiz olunmuş avtomat hidroloji stansiyaların quraşdırılması prosesi davam edir və bu ilin ikinci rübündə işlər tamamlanacaq: "Stansiyalarda suyun temperaturunun və su sərflərinin avtomat rejimdə ölçülməsi çirklənmənin mənşəyinin təyinində və çirklənmə yükünün hesablanmasında mühüm rol oynayacaq. Əvvəllər hidroloji və suyun keyfiyyətinə dair monitorinq müəyyən edilmiş vaxtlarda aparılırdı bu isə yalnız ölçmə zamanı su obyektlərinin hidrokimyəvi vəziyyətini qiymətləndirməyə imkan verirdi. Lakin ölçmə müddətləri arasında hər hansı bir fövqəl və qısamüddətli çirklənmə baş verərkən onu qeyd etmək mümkün olmurdu. Quraşdırılacaq avtomat stansiyalar isə istənilən anda həm çayların hidroloji rejimini, həm də suyun keyfiyyətindəki dəyişiklikləri fasiləsiz olaraq izləmək və vaxtlı- vaxtında lazımi tədbirlər görmək imkanı verəcək. Müvafiq təşkilatlar üçün məlumat əldə edilməsində əlçatanlıq təmin ediləcək".