Bakı. Trend:
Xaçmazda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr edilmiş silsilə tədbirlər keçirilib. Aprelin 28-də Xaçmaz şəhərindəki Akademik Zərifə Əliyeva adına 8 saylı məktəb-liseydə təşkil olunan anım tədbirində rayonun fəal qadınları, səhiyyə, təhsil işçiləri eləcə də icra hakimiyyətinin nümayəndələri iştirak ediblər.
Trend xəbər verir ki, toplantı iştirakçıları əvvəlcə görkəmli oftalmoloqun məktəbin həyətində ucaldılmış abidəsinin qarşısına gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Günel Nurəddinova çıxış edərək bildirib ki, tanınmış ziyalı nəslinin layiqli davamçısı, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş Zərifə xanımın həyatının hər bir anı mənəvi kamillik və müdriklik məktəbidir.
Zərifə xanım Əliyevanı peşəkar həkim olmaqla yanaşı, həm də fəal ictimai xadim kimi xarakterizə edən tədbir iştirakçıları həkimlik peşəsini vicdanla yerinə yetirən görkəmli oftalmoloq-alimin insanların sağlamlığının qorunmasında, göz xəstəliklərinin qarşısının alınmasında göstərdiyi səylərdən söz açıb, onun humanist insan olduğunu diqqətə çatdırıblar. Bildirilib ki, Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir.
Rayonun fəal qadınları akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinin onlar üçün əsl nümunə olduğunu qeyd ediblər. Diqqətə çatdırılıb ki, görkəmli alim öz qayğıkeşliyi və səmimiyyəti ilə onu əhatə edən insanların rəğbətini, ehtiramını qazanmışdı. Onun inkişaf etdirdiyi elm sahəsinin davamçıları bu gün də alimin irsindən faydalanırlar.