Bakı. Trend:
Respublika ərazisində yerləşən çimərliklərin 2022-ci ilin yay mövsümünə hazırlıq vəziyyətinə nəzarət məqsədilə Lənkəran şəhəri və Xaçmaz rayonu ərazisində yerləşən rekreasiya zonalarının sanitariya vəziyyətinin müayinəsi, dəniz suyunun keyfiyyət göstəricilərinin laboratoriya tədqiqat üsullarının tətbiqi ilə monitorinqi keçirilib.
Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən bildirilib.
Lənkəranın Sütəmurdov kəndi və Aşağı Nüvədi qəsəbəsi
ərazilərində və həmin ərazilərin sanitariya mühafizə zonalarında
aparılan laboratoriya müayinələri nəticəsində dəniz suyunun
bakterioloji çirklənmə göstəricilərinin normadan dəfələrlə yüksək
olması halları aşkar edilib. Həmçinin Xaçmaz rayonunun Niyazoba
kəndi ərazisində yerləşən çimərlik ərazisində aparılmış
monitorinqlər zamanı dəniz suyunun laboratoriya müayinə
nəticələrində bakterioloji çirklənmə göstəricilərinin normadan çox
olması müəyyən olunub.
Qeyd olunanlarla əlaqədar, mövcud vəziyyətin əhali arasında
yoluxucu xəstəliklərin baş verib, yayılması üçün təhlükə
yaratdığını nəzərə alaraq, “Sanitariya-epidemioloji salamatlıq
haqqında” Azərbaycan Respublikası Qanununa istinadən Lənkəran
rayonunun Sütəmurdov kəndi və Aşağı Nüvədi qəsəbəsi həmçinin,
Xaçmaz rayonunun Niyazoba kəndi ərazisində yerləşən çimərlik
ərazilərində Respublika Gigiyena və Epidemiologiya Mərkəzi
tərəfindən çimməyin qadağan olunması barədə Qərarları qüvvədə
saxlanılıb.