...

Bakıda doğulan beşəmlərin vəziyyəti ağırdır - TƏBİB

Cəmiyyət Materials 13 Avqust 2022 14:38 (UTC +04:00)
Bakıda doğulan beşəmlərin vəziyyəti ağırdır - TƏBİB

Bakı. Trend:

TƏBİB-in tabeliyində olan K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna yeni doğulan beşəm yerləşdirilib.

TƏBİB-dən Trend-ə verilən məlumata görə, 11.08.2022-ci il tarixində Bakı şəhərində, özəl klinikalardan birində ana M.G. tərəfindən hamiləliyin 32-ci həftəsində qeysəriyyə kəsiyi əməliyyatı ilə beşəm dünyaya gəlib.

Onlardan 3-ü həyatlarının birinci sutkasında, digər 2-si isə həyatlarının ikinci sutkasında çox ağır vəziyyətdə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna köçürülüblər.

4-ü oğlan, 1-i qız olan körpələrin daxil olarkən vəziyyətləri kritik ağır olub. Ön planda tənəffüs çatışmazlığı, erkən doğulmaya bağlı morfofunksional yetməzlik əlamətləri qeyd olunub.

Körpələrdən dördünə ağciyər alveollarını açıq tutmaq məqsədilə endotraxeal borudan “Curosurf” preparatı yeridilib.

Birinə isə kəskin anemiyanın korreksiyası məqsədilə “Cross-match” uyğunluğu müəyyən edildikdən sonra qan köçürülüb.

İnstitutda körpələrə bütün zəruri kliniki, laborator müayinələr aparılıb. Müayinəyə uyğun olaraq onların müalicəsinə davam edilir.

Hazırda süni ventilyasiya aparatında olan iki körpənin vəziyyəti çox ağır, digər üçünün vəziyyəti isə ağır stabildir.

Qeyd edək ki, körpələr - 1,260, 1,020, 1,030, 1,300, 1,180 qram olmaqla doğulublar.

Hazırda ana özəl tibb müəssisəsində müalicə alır. Vəziyyəti stabildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti