Bakı. Trend:
Dövlət Gömrük Komitəsinin Akademiyasında Tələbə Gənclər Təşkilatının fəal tələbələri ilə ənənəvi görüş keçirilib. TGT-nin illik fəaliyyətinin nəzərdən keçirilməsi, yeni tədris ilində İdarə heyətinin qarşısında duran məsələlərin müzakirəsi məqsədilə təşkil edilən görüşdə Akademiyanın rəhbərliyi, əməkdaşları və TGT-nin İdarə heyətinin üzvləri iştirak ediblər.
Dövlət Gömrük Komitəsinin Akademiyasından Trend-ə verilən məlumata görə, iclasda Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov çıxış edərək TGT-nin fəaliyyətinin effektiv şəkildə təşkil edilməsi, tələbələrin sosial fəaliyyətlərə cəlb edilməsi üçün Akademiyada yaradılan şərait haqqında bəhs edib. Akademiya rəisi hesabat dövründə TGT-nin gördüyü işləri müsbət qiymətləndirərək tələbələrin asudə vaxtlarının səmərəli təşkili, gənclərin dünyagörüşlərinin, xarici dil biliklərinin artırılması istiqamətində müvafiq tövsiyələrini verib. Qulu Novruzov tələbə gənclərin Akademiyanın çoxşaxəli fəaliyyətinə töhfələrinin davamlı olacağına əminliyini bildirərək onlara uğurlar arzulayıb.
Daha sonra TGT-nin son bir il ərzində fəaliyyətini əks etdirən videoçarx nümayiş edilib.
Akademiyanın Tələbə Gənclər Təşkilatının sədri Fizzə İsmayılova iclasda çıxış edərək onlar üçün yaradılan şəraitə görə Akademiya rəhbərliyinə təşəkkürünü bildirib və TGT-nin fəaliyyəti haqqında illik hesabatı iştirakçıların nəzərinə çatdırıb.
Görüş çərçivəsində irəli sürülmüş mövzular ətrafında müzakirələr aparılıb, növbəti tədris ili ilə bağlı planlar, görüləcək işlər və s. kimi məqamlar nəzərdən keçirilib. Sonda tələbələrin sualları cavablandırılıb, təklifləri qeydə alınıb.