Bakı. Trend:
Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) üç tələbəsi -“İqtisadiyyat” ixtisasının II kurs tələbəsi Muradlı Kamran, “Beynəlxalq ticarət və logistika” ixtisasının III kurs tələbəsi Muqumova Elmira və II kurs tələbəsi İmanov Anar 2022/2023-cü tədris ilinin payız semestrində Çinin ŞGK beynəlxalq virtual təhsil proqramında iştirak edərək yüksək göstəricilərlə məzun olublar. Akademiya tərəfindən aparılmış müsabiqə əsasında seçilən tələbələr Şanxay Gömrük Kolleci tərəfindən qəbul edilərək bir semestr ərzində beynəlxalq onlayn proqramda təhsil alıblar.
Semestrin sonunda proqramın onlayn formatda bağlanış mərasimi keçirilib. Tədbirdə çıxış edən Şanxay Gömrük Kollecinin prezidenti prof. Konq Yuhao proqram iştirakçılarını salamlayaraq proqramın mahiyyətindən, tələbələrin qazandıqları yeni biliklərdən söz açıb. O, proqramın yaxın gələcəkdə ənənəvi formatda Şanxay şəhərində keçirilməsi imkanlarını vurğulayaraq, tərəfdaş ali təhsil müəssisələrinə, o cümlədən DGKA-ya da öz təşəkkürünü bildirib.
Daha sonra proqramda iştirak edən digər tələbələrlə yanaşı DGKA-nın proqramdan məzun olan tələbəsi Elmira Muqumova da çin və ingilis dillərində çıxış edərək, özünün və digər tələbə yoldaşlarının proqramla bağlı təəssüratlarını ifadə edib.
2022-ci ilin sentyabr-dekabr aylarını əhatə edən dövr ərzində həyata keçirilmiş beynəlxalq təhsil proqramı səkkiz fənni - beynəlxalq gömrük idarəetməsi, tarif texnologiyaları, müasir logistika, sərhədlərarası elektron ticarət hüququ, çin dili, Çin gömrük idarəçiliyi, mədəniyyətlərarası biznes ünsiyyəti, iqtisadiyyatın prinsiplərini əhatə edib. Fənlər "VooV" platforması vasitəsilə tədris olunub.
Xatırladaq ki, əsası 1908-ci ildə qoyulmuş Şanxay Gömrük Kolleci Çin Xalq Respublikasının Baş Gömrük Administrasiyasının təlim qurumu, "Bir kəmər, bir yol" təşəbbüsündə Çin gömrük xidməti orqanlarının kadr potensialının gücləndirilməsi üzrə məsul qurum və Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Asiya-Sakit Okean region ölkələrində Regional Təlim Mərkəzidir (RTM). ÜGT RTM statusuna malik Akademiya ilə ŞGK arasında 2020-ci ildə qurulmuş əməkdaşlıq 2021-ci ildə əməkdaşlıq müqaviləsinin imzalanması ilə nəticələnmişdir. Mübadilələr və birgə proqramların həyata keçirilməsini də əhatə edən müqavilə çərçivəsində ŞGK və DGKA birgə beynəlxalq təlim-tədris proqramlarında tələbələrin qarşılıqlı iştirakı barəsində razılığa gəlmişdirlər.
Sözügedən proqram ŞGK ilə əməkdaşlıq çərçivəsində DGKA-nın tələbələr üçün təşkil etdiyi növbəti beynəlxalq distant/onlayn təhsil imkanıdır. Qeyd edək ki, Gömrük Akademiyası da cari tədris ilinin payız semestrində ŞGK-nın 11 tələbəsi üçün xüsusi tədris proqramı təşkil edib. Akademiyanın beynəlxalq əməkdaşlığı vasitəsilə gələcəkdə də bu cür proqramlara tələbələrin çıxışının genişləndirilməsi nəzərdə tutulur.