Bakı. Trend:
Fevralın 22-də Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatı yaradılmasının 30 illiyini qeyd etdi.
Tədbir iştirakçıları öncə Xətai rayonundakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edərək, əziz xatirəsini ehtiramla andılar.
YAP Xətai rayon təşkilatında davam edən tədbiri giriş sözü ilə
rayon təşkilatının sədri Vüqar Rəhimzadə açdı. Əvvəlcə Azərbaycan
Respublikasının Dövlət Himni səsləndirildi. Daha sonra ümummilli
lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda şəhidlik
zirvəsinə ucalan Vətən oğullarının, eləcə də qardaş Türkiyədə təbii
fəlakət nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edildi.
Daha sonra Vüqar Rəhimzadə bildirdi ki, ötən il ulu öndər Heydər
Əliyevin yaradıcısı olduğu, dünənin, bu günün və gələcəyin
partiyası kimi dəyərləndirdiyi, hazırda Prezident İlham Əliyevin
Sədrliyi ilə uğurla inkişaf edən, regionun ən böyük siyasi
təşkilatı olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30
ili tamam oldu. Partiyanın keçdiyi 30 illik şərəfli yolun təhlili
fonunda bu reallıq hər zaman qeyd edilir ki, YAP bundan sonra da
ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq. 1992-ci il
noyabrın 21-də xalqın istəyi, zamanın tələbi ilə yaradılan YAP ilk
gündən xalqın partiyasına çevrildi. Qısa zamanda partiyanın
rayonlarda təsis konfransları keçirildi. İlk yaradılan rayon
təşkilatlarından biri də bu gün sıralarında 20 minə yaxın üzvü
birləşdirən YAP Xətai rayon təşkilatıdır. Təşkilatın hər bir üzvü
Azərbaycanı bugünkü inkişaf səviyyəsinə gətirib çıxaran ulu öndər
Heydər Əliyevin siyasətinin, ideyalarının təbliğatçısı olmaqla
bərabər, partiyanın Nizamnaməsinə və Proqramına uyğun olaraq
qarşıya qoyulan vəzifələrin uğurlu icrasına öz töhfəsini verməyə
səy göstərir.
Vüqar Rəhimzadə qeyd etdi ki, son 30 ilin ölkəmizin, Yeni Azərbaycan Partiyasının həyatında hansı mühüm hadisələrlə yadda qaldığını sadalamaq üçün böyük zaman gərəkdir. Onların miqyası o qədər genişdir ki, bu barədə günlərlə, aylarla danışa bilərik. Yaranma tarixi Azərbaycanın müstəqilliyinin bərpası ilə üst-üstə düşən Yeni Azərbaycan Partiyasının ölkəmizin hər bir uğurunda öz payı vardır. Bu dövr Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət kimi formalaşması, müstəqilliyinin möhkəmləndirilməsi, dünya miqyasında böyük hörmət və diqqət göstərilən ölkəyə çevrilməsi, bütün sahələri əhatə edən islahatlara, davamlı inkişafa, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə nail olunması, vətəndaş həmrəyliyinin, milli birliyin bərqərar edilməsi, ərazi bütövlüyünün təmini, işğalçılardan təmizlənmiş regionların dirçəldilməsi və nəhayət, Prezident-Xalq-Ordu birliyi kimi vacib məsələlərlə səciyyələnir. Bu fikri böyük fəxr və qürur hissi ilə qeyd edirik ki, müstəqilliyimizin yenidən bərpasından ötən dövrün çətin, eyni zamanda, şərəfli yolunda qazanılan nailiyyətlərin müəllifləri müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev və dahi liderin layiqli davamçısı, son 19 ildən artıq dövrdə Azərbaycanı ən yüksək zirvələrə yüksəldən Prezident İlham Əliyevdir. Ümummilli Liderin ideyaları uğurlarımızın əsası, stimulverici qüvvəsidir.
Tarixi Zəfərimizin reallıqları fonunda Yeni Azərbaycan Partiyasının keçirilən VII qurultayında Mərkəzi Aparatın yenidən formalaşması, yeni qərarların qəbulu, yeni Nizamnamənin və Proqramın təsdiqlənməsi partiyanın həyatında yeni səhifə açdı.
Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev diqqəti Azərbaycanın müstəqilliyini yenidən bərpa etdiyi ilk illərə yönəltdi. Bildirdi ki, 1990-cı illərin əvvəllərində müstəqilliyini yenidən bərpa etmiş Azərbaycandakı təlatümlü, təhlükəli, gərgin ictimai-siyasi durumu o illərin şahidləri, yaşlı və orta nəslin nümayəndələri yaxşı xatırlayırlar. Bir tərəfdən ölkədə xaos, anarxiya, özbaşınalıqlar, iqtisadi böhran, digər tərəfdən isə torpaqlarımızın ermənilər tərəfindən işğalı, bir milyona yaxın soydaşımızın daimi yaşayış yerindən zorla qovulması xalqın səbir kasasını doldurmuşdu. Belə bir mürəkkəb ictimai-siyasi şəraitdə xalqı zamanın sınaqlarından şərəflə çıxmış siyasi lider ətrafında sıx birləşdirməklə mövcud vəziyyətdən xilas etmək üçün yeni siyasi qüvvəyə ehtiyac vardı. Buna görə də Yeni Azərbaycan Partiyasının yaradılması zərurəti meydana çıxdı. Azərbaycanın 91 nəfər sayılıb-seçilən ziyalısı 1992-ci il oktyabr ayında o zaman Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri olan ulu öndər Heydər Əliyevə müraciət ünvanladı. Ümumilikdə xalqın böyük əksəriyyətinin arzu və istəklərini ifadə edən həmin müraciətdə bu mühüm məqam xüsusi qeyd edilmişdi ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz. Yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar, respublikanın bütün zümrələrindən olan xalq kütləsini öz ətrafında birləşdirərək, Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan boşluğu dolduracaq. Ulu öndər Heydər Əliyev dövlətinə, millətinə sevgisini, hər zaman xalqının yanında olduğunu ziyalıların müraciətinə cavabı ilə ifadə etdi. O da məlumdur ki, obyektiv səbəblərdən YAP təsis konfransını 550 nəfər təəssübkeşin iştirakı ilə 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirdi və ümummilli lider Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Bütün bunları qeyd etməkdə məqsədimiz bir daha indiki və gələcək nəsillərə Yeni Azərbaycan Partiyasının hansı zərurətdən yarandığını çatdırmaqdır. Ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasını dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirməklə yanaşı, bu çağırışı da etdi ki, YAP-a xidmət etmək millətə, xalqa, müstəqil Azərbaycan dövlətinə xidmət etmək deməkdir.
Rafiq Quluyev Heydər Əliyev yolunun Azərbaycana qazandırdığı
uğurlardan geniş bəhs etdi. Vurğuladı ki, bu gün möhkəm təməl
üzərində qurulan müasir müstəqil Azərbaycan ən yüksək zirvələri
fəth edir. Bu gün, həmçinin dünya Azərbaycanın tarixi Zəfərinin
yaratdığı reallıqlardan bəhs edir. Şanlı Zəfərimiz Heydər Əliyev
siyasətinin təntənəsidir.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə
bildirdi ki, məqsədi xalqa, dövlətə xidmət etmək olan Yeni
Azərbaycan Partiyası hər günü tarixinə uğur səhifəsi kimi yazır.
Dövrün, zamanın tələblərinə uyğun olaraq müəyyənləşdirilən
hədəflərə doğru inamla addımlayan və onlara zamanında nail olan,
cəmiyyətin avanqard qüvvəsinə çevrilən YAP-ın hər bir təşəbbüsü,
qəbul etdiyi qərarlar xalqımız tərəfindən rəğbətlə qarşılanır.
Partiyanın devizində edilən yeniliklər də bu nəhəng siyasi qüvvənin
qarşısına qoyduğu bütün hədəflərə yüksək səviyyədə nail olduğunu
təsdiqləyir. 2021-ci il martın 5-də tarixi Zəfərimizin reallıqları
fonunda VII qurultayını keçirən Yeni Azərbaycan Partiyasının yeni
yaradılanda devizi “Yeni Azərbaycan uğrunda!” idisə, qəbul etdiyi
yeni Nizamnaməyə və Proqrama uyğun olaraq bu gün artıq “Biz
birlikdə güclüyük!” şüarıdır. Partiyanın proqramı onun
fəaliyyətinin güzgüsüdür. Sözlə əməl birliyi, tutduğu yola sadiqlik
partiyanın milyonların sevgisini qazanmasında öz sözünü deyir.
1993-cü ildən başlayaraq bütün seçkilərdə YAP-a qələbə qazandıran
da xalqın partiyamızın yaradıcısı ulu öndər Heydər Əliyevə və onun
bugünkü Sədri cənab İlham Əliyevə sonsuz inamı, etibarıdır.
Pərvin Kərimzadə bildirdi ki, Heydər Əliyev ideyaları Azərbaycanın uğurlu gələcəyinin əsasıdır. Son 19 ildən artıq dövrdə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində qazanılan nailiyyətlərə nəzər salanda qürur hissi keçiririk. Qısa zamanda əldə olunan və bütün sahələri əhatə edən uğurların fonunda qüdrəti, gücü daha aydın şəkildə nümayiş olunan Azərbaycan 2020-ci il noyabrın 10-da tarixi Zəfərə imza atdı. Dünya Azərbaycan xalqının yenilməzliyinin, məğrurluğunun, tarixinə, torpaqlarına sahib çıxmasının, torpaq, Vətən sevgisinin bir daha şahidinə çevrildi.
Milli Məclisin deputatı Kamran Bayramov ölkəmizdə yaranan güclü
birlikdən bəhs etdi. Qeyd etdi ki, bu birlik, eyni zamanda,
müxtəlif millətlərin, xalqların birliyidir. Azərbaycan tolerant
ölkədir. Ulu öndər Heydər Əliyev ölkəmizdə müxtəlif xalqların,
millətlərin nümayəndələrinin sülh, əmin-amanlıq şəraitində
yaşamasını böyük sərvət kimi dəyərləndirib. Bu, Azərbaycanın tarixi
ənənələrə söykənən ən böyük uğurudur. Yeni Azərbaycan Partiyasının
2021-ci ildə təsdiqlənən yeni Proqramının əsas devizi də məhz “Biz
birlikdə güclüyük!”dür. Bu birliyi, həmrəyliyi qoruyub saxlamaq və
daha da möhkəmləndirmək Proqramda qarşımıza qoyulan ən başlıca
vəzifələrdən biridir.
Kamran Bayramov 44 günlük İkinci Qarabağ müharibəsində tarixi
Zəfərimizi şərtləndirən əsas amillər sırasında xalqımızın
birliyini, həmrəyliyini xüsusi qeyd etdi. Bildirdi ki, ulu öndər
Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıtdığı ilk gündən bu çağırışı etdi ki, müstəqilliyimizi,
suverenliyimizi daimi etmək üçün harada yaşamasından asılı
olmayaraq hər bir azərbaycanlıdan vahid ideya - azərbaycançılıq
ideologiyası ətrafında sıx birləşmək tələb edilir. Ulu öndər Heydər
Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən
Prezident İlham Əliyevin hər bir təşəbbüsü, qəbul etdiyi qərarlar
xalqımız tərəfindən dəstəklənir, Onun ətrafında sıx birləşərək
gələcəyə doğru inamla addımlayır.
Vətən Müharibəsi Qəhrəmanı, ehtiyatda olan polkovnik-leytenant Anar
Mirzəyev Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində
qalibiyyətindən, çoxəsrlik tarixinə Zəfər səhifəsini böyük qürur
hissi ilə yazmasından bəhs etdi. Bildirdi ki, Azərbaycan Ordusu
nəyə qadir olduğunu Vətən müharibəsindən öncə, 2016-cı ilin Aprel
döyüşlərində, həmçinin 2018-ci ilin Cünnüt əməliyyatında nümayiş
etdirmişdi. Ulu öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində
gördüyü işlərin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin
uğurla davam etdirməsi tarixi Zəfərimizdə özünün aydın ifadəsini
tapdı. Bu Zəfərdə az da olsa payımın olmasından qürur duyuram.
Çıxış edən akademik Vaqif Abbasov ulu öndər Heydər Əliyevin şah
əsəri olan müasir müstəqil Azərbaycanın, ölkəmizin ictimai-siyasi
həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının
uğurlarından geniş danışdı. Diqqətə çatdırdı ki, dahi şəxsiyyət
Heydər Əliyev 2003-cü ildə xalqa tarixi müraciətində inamın növbəti
ünvanını göstərərkən bu fikri məhz reallıqlara, əldə olunan
uğurlara söykənərək bildirmişdi ki, mənim axıra çatdıra bilmədiyim
işləri, planları cənab İlham Əliyev xalqın və Yeni Azərbaycan
Partiyasının dəstəyi ilə axıra çatdıracaq. Ümummilli Lider
müstəqilliyimizin qarantı, Prezident İlham Əliyev torpaqlarımızın
xilaskarı kimi adlarını tarixə qızıl hərflərlə yazdılar.
Vaqif Abbasov Azərbaycanın dayanıqlı inkişafında ulu öndər Heydər
Əliyevin müəllifi olduğu neft strategiyasının rolunu xüsusi qeyd
edərək ötən dövrdə imzalanan neft müqavilələrinə diqqəti yönəltdi.
Bildirdi ki, bütün bunlar ölkəmizə, Heydər Əliyev siyasətinə inamın
göstəricisidir.
Xətai Rayon Ağsaqallar Şurasının sədr müavini, şəhid Rüfət
Əsgərovun atası Mürvət Əsgərov, Vətən Müharibəsi Qəhrəmanı,
şəhid-kapitan Ceyhun Həsənovun atası Aydın Həsənov, YAP Xətai rayon
təşkilatının veteranı Kərim Ağayev, Olimpiya kateqoriyalı
beynəlxalq dərəcəli hakim, idman ustası Hicran Şərifov çıxış edərək
Yeni Azərbaycan Partiyasının cəmiyyətdə artan rolundan, ölkəmizin
hər bir uğurunda rolundan geniş bəhs etdilər. Bu fikri dönə-dönə
qeyd etdilər ki, Azərbaycanı işıqlı yola çıxaran Ümummilli Liderin
yaradıcısı olduğu, adını tarixə torpaqlarımızın xilaskarı kimi
yazan Müzəffər Ali Baş Komandan, qalib Prezident İlham Əliyevin
Sədrliyi ilə uğurla inkişaf edən partiyanın sıralarında olmaq hər
birimiz üçün böyük xoşbəxtlikdir.
Tədbirin sonunda YAP Xətai rayon təşkilatının həyatında fəal
iştiraklarına görə bir qrup üzvə Fəxri fərmanlar, partiyaya yeni
daxil olanlara üzvlük vəsiqəsi təqdim olundu.
Müstəqil Azərbaycanın və Yeni Azərbaycan Partiyasının keçdiyi
inkişaf yolunu əks etdirən film nümayiş etdirildi və xatirə şəkli
çəkdirildi.