Bakı. Trend:
Dövlət Gömrük Komitəsinin Akademiyasının və Azərbaycan Respublikasının Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar “Heydər Əliyev və humanizm prinsipləri” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Trend xəbər verir ki, konfransda Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Mübariz Əhmədov, Elm-Tədris Mərkəzinin nümayəndələri, Akademiyanın əməkdaşları və tələbələri iştirak ediblər.
Tədbir Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Konfransda açılış nitqi ilə çıxış edən Akademiyanın rəisi Qulu Novruzov Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində təşkil olunan elmi tədbirin müstəqil Azərbaycanın qurucusu olan dahi şəxsiyyətin zəngin irsinin öyrənilməsi və gənc nəsil arasında təbliği məqsədi daşıdığını vurğulayıb. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət və ordu quruculuğunun məntiqi nəticəsinin Vətən müharibəsində özünü göstərdiyini qeyd edən Akademiya rəisi müstəqil Azərbaycan var olduqca Ulu Öndərin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını qeyd edərək konfransın işinə uğurlar arzulayıb.
Konfrans iştirakçılarını salamlayan Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov Ulu Öndər Heydər Əliyevin zəngin fəaliyyətinə həsr olunmuş konfransın əhəmiyyətindən danışaraq məhz Ümummilli liderin hakimiyyətə qayıdışından sonra cəmiyyətimizin bütövlüyünə xidmət edən humanizm ənənələrinin təməlinin qoyulduğunu bildirib. M. Əhmədov “Heydər Əliyev İli” çərçivəsində Baş Prokurorluq tərəfindən əbədiyaşar liderin çoxşaxəli fəaliyyətinin müxtəlif tarixi dövrlərinə həsr olunan silsilə tədbirlərin nəzərdə tutulduğunu qeyd edərək konfransın işinə uğurlar arzulayıb.
Daha sonra tədbirdə “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı videoçarx nümayiş olunub və konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib.
Konfrans iştirakçıları “Azərbaycan Respublikasında demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda Heydər Əliyevin irsi”, “Heydər Əliyev və Azərbaycan Respublikası Konstitusiyası - İnsan hüquqları”, “Şərqdə ilk dəfə Azərbaycanda ölüm cəzasının ləğvi Ümummilli lider Heydər Əliyev humanizminin təntənəsidir”, “Heydər Əliyev beynəlxalq hüquq normalarının Azərbaycan Respublikasının qanunvericiliyinə implementasiyasının əsas müəllifidir” və s. mövzularda məruzə və təqdimatlarla çıxış ediblər.