Bakı. Trend:
Martın 11-də Türkiyənin Ankara Universitetinin rektoru professor Necdet Ünüvar Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olub.
ADPU-nun rektoru professor Cəfər Cəfərov qonaqla görüşüb. Görüşdə ADPU və Ankara Universiteti arasında qarşılıqlı əməkdaşlıq məsələlərinin vəziyyəti və yeni perspektivlər müzakirə olunub. Görüşdə Ankara Universitetinin Sosial elmlər fakültəsinin dekanı professor Orhan Çelik də iştirak edib.
Görüşdən sonra rektor Cəfər Cəfərov qonaqları universitetlə yaxından tanış edib. Həmçinin universitetdə Azərbaycan Respublikası Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli tərəfindən sonuncu kurs tələbələri ilə müəllimlərin işə qəbulu imtahanı ilə bağlı keçirilən maarifləndirici görüşə də qatılan rektor Ünüvar tələbələr önündə çıxış edərək, təhsilin önəmindən, müəllimlik sənətinin əhəmiyyətindən danışıb, eyni zamanda Türkiyə-Azərbaycan qardaşlığına toxunaraq, bu günün tələbələrinin sabah bu qardaşlığın davamçısı olacaqlarını vurğulayıb.
Xatırladaq ki, ötən ilin noyabr ayında ADPU-nun rektoru prof. Cəfər Cəfərovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə işgüzar səfər çərçivəsində Ankara Universitetində olub, rektor prof. Necdet Ünüvarla görüşmüşdülər. Görüşdə ADPU ilə Ankara Universiteti arasında akademik əməkdaşlıq protokolu imzalanmışdı.