...

Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 19 Aprel 2023 19:38 (UTC +04:00)
Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilib (FOTO)

Bakı. Trend:

2023-cü ilin aprelin 28-də Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100 ili tamam olur. Bununla bağlı Səhiyyə Nazirliyi tərəfindən silsilə tədbirlər keçirilir.

Trend xəbər verir ki, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) görkəmli alimin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans təşkil olunub.

Beynəlxalq konfransda çıxış edən səhiyyə nazirinin müavini İlqar Qasımov tədbir iştirakçılarını səhiyyə naziri Teymur Musayevin adından salamlayıb və Zərifə xanım Əliyevanın Azərbaycanın səhiyyə sahəsində silinməz iz buraxdığını qeyd edib: “Akademik Zərifə Əliyeva Azərbaycan tibb elminin inkişafına böyük töhfə verib. Onun həyat fəlsəfəsi, mənəvi dünyası, oftolmologiya elminin inkişafındakı xidmətləri zəngin və çoxşaxəlidir. Zərifə xanım bir həkim, alim və vətəndaş kimi bütün ömrü boyu xalqı üçün çalışıb və onun adı bu gün də Azərbaycanda fəxrlə, sonsuz qürur hissi ilə səslənir”.

“Oftalmologiya elminə verdiyi töhfələri bu gün də aktuallığını saxlayan, biliyi ilə yanaşı, insanpərvərliyi ilə də seçilən Zərifə xanım Əliyevanın həyatı və fəaliyyəti hər zaman dərin hörmətlə yad edilir”, - deyə səhiyyə nazirinin müavini fikrini tamamladı.

Tədbirdə çıxış edən ADHTİ-nin rektoru Nazim Qasımov vurğuladı ki, ən yüksək keyfiyyətlər - səmimilik, alicənablıq, qayğıkeşlik, xalqına və Vətəninə sönməz məhəbbət bu zərif ziyalı xanıma xas cəhətlər idi. Həmçinin, N.Qasımov akademik Zərifə Əliyevanın şərəfli ömrünün bir hissəsinin Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə bağlı olduğunu qeyd etdi: “Zərifə xanım Əliyeva Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının müdiri vəzifəsində çalışıb və həkimlik, elmi və pedaqoji fəaliyyəti ilə institutun adını yüksəldib”.

Konfransda çıxış edən Milli Məclisin deputatı İlham Məmmədov akademik Zərifə xanım Əliyevanın elmi-pedaqoji nailiyyətlərindən danışıb və Azərbaycanda son zamanlar səhiyyənin inkişafında baş verən müsbət dinamika haqqında məlumat verib.
ADHTİ-nin oftalmologiya kafedrasının professoru Rasim Hacıyev akademik Zərifə Əliyevanın Azərbaycan elminə verdiyi töhfələrdən danışıb, eyni zamanda görkəmli alimlə bağlı xatirələrini bölüşüb.

Tədbirdə Zərifə xanım Əliyevanın mənalı ömür yolunu və zəngin elmi yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.

Beynəlxalq elmi-praktik konfrans plenar iclaslarla davam edib. Azərbaycan və xarici ölkələrdən dəvət olunmuş alimlərin apardıqları elmi-tədqiqat işlərinin nəticələrinə həsr olunmuş məruzələr dinlənilib.

Həm əcnəbi, həm də Azərbaycan alimlərinin təbabətin müxtəlif sahələrində əldə etdikləri nailiyyətlərə həsr olunmuş məruzələri dinləyicilər tərəfindən maraqla qarşılanıb və mövzular ətrafında çoxsaylı diskussiyalar aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti