...

Heydər Əliyev Mərkəzində “Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalının təntənəli bağlanış mərasimi keçirilib (FOTO/VİDEO)

Cəmiyyət Materials 26 İyun 2023 10:36 (UTC +04:00)
Heydər Əliyev Mərkəzində “Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalının təntənəli bağlanış mərasimi keçirilib (FOTO/VİDEO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Heydər Əliyev Mərkəzində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilən "Muğam aləmi" VI Beynəlxalq Musiqi Festivalının təntənəli bağlanışı olub.

Trend-in məlumatına görə, bayram gecəsinin açılışında dünya şöhrətli muğam ifaçısı, Xalq artisti Alim Qasımovun, Xalq artisti Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq” ritm qrupunun, Əməkdar artist Nailə Məmmədzadənin rəhbərlik etdiyi “Mirvari” rəqs ansamblının ifasında füsunkar çıxışlar olub.

İyunun 18-25-də baş tutan Beynəlxalq Musiqi Festivalı zəngin proqramı ilə muğamsevərləri bir araya toplamışdı. Azərbaycan, Özbəkistan, Türkiyə, Hindistan, Böyük Britaniya, Yunanıstan, Əfqanıstan, İran, İordaniya, Tacikistan, Mali, İsrail və digər ölkələrin ustad və kollektivlərinin, o cümlədən müsabiqə iştirakçılarının iştirak etdiyi konsert proqramları ictimaiyyətin böyük marağına səbəb olub. Festival çərçivəsində həmçinin şeir gecələri, sərgilər, mühazirələr, təqdimatlar və elmi simpoziumlar keçirilib.

“Xanəndə” və “instrumental ifa” nominasiyaları üzrə keçirilən Beynəlxalq Muğam Müsabiqəsi festivalda mərkəzi yer tutub.

Müsabiqənin münsiflər heyətinin sədri Milli Konservatoriyanın rektoru, Azərbaycanın Xalq artisti Siyavuş Kərimi, münsiflər heyətinin üzvləri məşhur musiqi nəşri “Songlines”in baş redaktoru Saymon Broton (Böyük Britaniya), iraqlı musiqiçi, ud ifaçısı, “UNESCO-nun Sülh Naminə Artisti” Nasir Şamma, Özbəkistandan “Soqdiana” Dövlət ənənəvi alətlər Kamera Orkestrinin yaradıcısı və dirijoru Firuzə Abduraqimova, Türk dünyası musiqisi üzrə tədqiqat qrupunun sədri Abdullah Akat (Türkiyə) olub.

Bağlanış mərasimində çıxış edən müsabiqənin münsiflər heyətinin sədri, Xalq artisti Siyavuş Kərimi və mədəniyyət nazirinin müavini, Xalq artisti Murad Hüseynov vurğulayıblar ki, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən milli mədəniyyətimizə və muğam sənətinə verilən dəstəyin və bu istiqamətdə aparılan işlərin nəticəsində Azərbaycan muğamı 2008-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildən milli müsabiqələr və beynəlxalq muğam festivalları keçirilir. Bu layihələr muğamı bir daha dünya mədəniyyəti kontekstində nümayiş etdirmək və qoruyub saxlamaq üçün nəzərdə tutulub. “Muğam aləmi” Beynəlxalq Musiqi Festivalı muğamı təkcə bütün dünyada təbliğ etmir, həm də ölkələr arasında mədəni körpü yaradaraq xalqları bir-birinə yaxınlaşdırır.

Daha sonra mükafatlandırma mərasimi keçirilib. Müsabiqənin “xanəndə” nominasiyasında Qran-pri mükafatına Mohiçehra Şahmurotova (Özbəkistan) layiq görülüb. Birinci yeri Mirəli Sarızadə (Azərbaycan), ikinci yeri Daşqın Kürçaylı (Azərbaycan), üçüncü yeri Dostmurod Neqmurodov (Özbəkistan) tutub. “İnstrumental ifa” nominasiyasında Qran Pri Vaqif Təhməzova (Azərbaycan) layiq görülüb. Bu kateqoriya üzrə 1-ci yeri Anar Vəlizadə (Azərbaycan), 2-ci yeri Şohijoxan Yoriev (Özbəkistan), 3-cü yeri Cahandar Mikayılov (Azərbaycan) tutub. Gecənin aparıcıları Səmra Əliyeva və Mümtaz Xəlilzadə olub.

Qonaqlar Azərbaycanın xalq artisti Natiq Şirinov (nağara), İmamyar Həsənov (kamança), Rüfət Həsənov (tar), Ümid Şirinov (nağara) və Hikmət Şirinovun (nağara) iştirakı ilə yenidən möhtəşəm kompozisiyadan həzz ala biliblər.

Müsabiqənin qalibləri tamaşaçıların alqışları altında konsert proqramı ilə çıxış ediblər. Proqramda Azərbaycanın xalq artisti Elçin Həşimov (tar), Azərbaycanın əməkdar artistləri Fərqanə Qasımova (xanəndə), Elnur Əhmədov (kamança), Şirzad Fətəliyev (balaban), Təyyar Bayramov (xanəndə) və başqa musiqiçilər iştirak ediblər. Moğalçayı, Şüştər, Bayatı-Şiraz, Naz eləmə, Qarabağ, Abşeron, Şuşanın dağları kompozisiyaları və Şalaxo rəqsi ifa olunub. Gecə Azərbaycanın xalq artisti Mənsum İbrahimovun “Qarabağ şikəstəsi”nin ifası ilə başa çatıb. Tamaşaçılar müsabiqə laureatlarını və möhtəşəm konsert proqramının iştirakçılarını sürəkli alqışlarla qarşılayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti