...

Ucuz aviabilet və tur paketləri adı altında vətəndaşları aldadan şəxs HƏBS OLUNDU (VİDEO)

Cəmiyyət Materials 10 Avqust 2023 09:14 (UTC +04:00)
Ucuz aviabilet və tur paketləri adı altında vətəndaşları aldadan şəxs HƏBS OLUNDU (VİDEO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Xarici ölkələrə aşağı qiymətə aviabilet və tur paketlər təşkil edəcəyi adı altında vətəndaşları aldadan şəxs həbs edilib.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, DİN-ə naməlum şəxsin çoxsaylı vətəndaşları xarici ölkələrə dəyərindən qat-qat aşağı qiymətə aviabilet və tur paketlərin satışını təşkil edəcəyi adı altında aldadaraq, onların pul vəsaitlərini ələ keçirdiyi barədə məlumatlar daxil olub.

Keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində müəyyən olunub ki, qeyd edilən qanunsuz əməl Bakı şəhər sakini Zeynalova Mələk Nazim qızı tərəfindən törədilib. Dələduzluqda şübhəli bilinən həmin şəxsin yeri nazirliyin əməkdaşları tərəfindən müəyyən edilib və o, qısa zamanda saxlanılaraq istintaqa təqdim olunub.

Araşdırmalarla müəyyən edilib ki, Mələk Zeynalova “WhatsApp" ani mesajlaşma proqramında xüsusi qrup yaradıb və orada özünü aviaşirkətlərdən birinin əməkdaşı kimi təqdim edib. Daha sonra o, vətəndaşları xarici ölkələrə aviabilet və aviaturlar təşkil edəcəyi adı ilə aldadıb zərərçəkənlərin külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib.

İlkin mərhələdə Mələk Zeynalova aviabilet və aviatur almaq istəyən şəxslərə dəyərindən ucuz qiymətə bilet təşkil edərək onlarda inam yaradıb. Sonradan Mələk Zeynalovaya etibar edən şəxslər ödəniş sistemləri vasitəsi ilə ona müxtəlif məbləğlərdə pul vəsaiti göndəriblər. O, ələ keçirdiyi pul vəsaitlərini ödəniş sistemləri vasitəsi ilə nağdlaşdıraraq, şəxsi tələbatlarına xərcləyib. Bununla da Mələk Zeynalova zərərçəkən şəxslərə ümumilikdə 300 min manat məbləğində maddi vurub.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə cinayət işi başlanılıb və saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Nazirlikdən bildirilib ki, Mələk Zeynalovanın əməllərindən zərərçəkən şəxslər bu barədə DİN-ə müaciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti