...

Həftəsonu klassik avtomobillərin sərgisi və yürüşü keçiriləcək

Cəmiyyət Materials 24 Avqust 2023 20:32 (UTC +04:00)
Həftəsonu klassik avtomobillərin sərgisi və yürüşü keçiriləcək

Bakı. Trend:

Azərbaycan Avtomobil Federasiyası (AAF) və “Zhara Events”in təşkilatçılığı ilə avqustun 26-da Heydər Əliyev Mərkəzinin qarşısında klassik avtomobillərin sərgisi, avqustun 27-də isə yürüşü keçiriləcək.

Trend xəbər verir ki, avqustun 26-da Heydər Əliyev Mərkəzinin qarşısında təşkil olunacaq sərgidə yürüş üçün qeydiyyatdan keçmiş nəqliyyat vasitələri, eləcə də Mərkəzdə nümayiş etdirilən klassik avtomobillərin bir qismi yer alacaq.

Avqustun 27-də isə klassik avtomobillər Heydər Əliyev Mərkəzinin qarşısından start götürərək “Sea Breeze” istirahət mərkəzinədək yürüş edəcək.

Yürüşün marşrutu: Heydər Əliyev Mərkəzi – Gülarə Qədirbəyova küçəsi – Yusif Səfərov küçəsi – Üzeyir Hacıbəyli küçəsi – Neftçilər prospekti - Yusif Səfərov küçəsi – Heydər Əliyev prospekti –Bakı Ekspo Mərkəzi –“Sea Breeze” istirahət mərkəzi.

Ənənə halını almış yürüşdə paytaxt küçələrini müxtəlif illərdə və ölkələrdə istehsal olunan klassik avtomobil karvanı bəzəyəcək. Bu avtomobillərin hər birinin maraqlı tarixi var. Həmin avtomobillər dövrünün müasiri olsa da, zaman keçdikcə onların tarixi dəyəri daha da artır. Retro nəqliyyat vasitələri şəhər sakinləri, paytaxtımızın qonaqları və klassik avtomobillər həvəskarlarında nostalji hisslər yaradaraq, keçmişə səyahət bəxş edəcək.

Yürüşdən sonra “Sea Breeze” istirahət mərkəzində klassik avtomobillərin sərgisi və tanınmış ifaçıların iştirakı ilə konsert təqdim olunacaq. Konsertdə sevilən müğənnilər - Aysel, Cin, Dilarə Kazımova, Eldar və Nigar, EMİN, Murad Arif, Nura Suri, Rilaya Hüseynzadə və Zamiq Hüseynov çıxış edəcəklər.

Əyləncə proqramına müxtəlif müsabiqələr, “Ən nizamlı sürücü”, “Ən unikal avtomobil”, “Ən rəngarəng geyim” və digər nominasiyalarda qaliblərə hədiyyələrin təqdimatı da daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti