...

İlahiyyat İnstitutunda Laçın Şəhəri Günü ilə əlaqədar tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 25 Avqust 2023 11:52 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 26 avqust – Laçın Şəhəri Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Aİİ-nin tələbələri və əməkdaşları iştirak ediblər.

Əvvəlcə vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların ruhları bir dəqiqəlik ehtiram sükutu ilə yad edilib.

Aİİ rektoru, dosent Aqil Şirinov tədbir iştirakçılarını salamlayaraq, Prezident İlham Əliyevin sərəncamı ilə yeni təsis olunan Laçın Şəhəri Günü münasibətilə hamını təbrik edib. Ermənistanın təcavüzü nəticəsində 30 ilə yaxın müddətdə işğal altında qalmış tarixi torpaqlarımızın Prezident İlham Əliyevin layiqli siyasəti və qəhrəman əsgərlərimizin səyi nəticəsində 44 günlük Vətən müharibəsində işğaldan azad olunduğunu xüsusi vurğulayan ali təhsil müəssisəsinin rəhbəri şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı arzulayıb. Zəfərə aparan hər bir günün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığnı söyləyən A.Şirinov Prezidentin sərəncamı ilə işğaldan azad olunmuş ərazilər üzrə şəhər günlərinin təsis edilməsinin mühüm bir hadisə olduğunu vurğulayıb.

Rektor daha sonra qeyd edib ki, işğal dövründə ermənilər tərəfindən şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran olunub, mədəni irsimizə böyük zərbə vurulub, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz yerlə-yeksan edilib. Ərazilərimizin görünməmiş vandalizmə məruz qaldığını təəssüflə deyən rektor hazırda Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulduğunu, torpaqlarımızın minalardan təmizləndiyini, genişmiqyaslı bərpa və yenidənqurma işlərinin sürətlə aparıldığını bildirib.

Rektor A.Şirinov Laçın və Füzuli şəhərlərinə, Zəngilan rayonunun Ağalı, Tərtər rayonunun Talış, Laçın rayonunun Zabux kəndlərinə məcburi köçkünlərin qayıdışının artıq başladığını və bu köçün davam etdiyini diqqətə çatdırıb.

Aİİ rəhbəri Laçın şəhərinin yaranması, onun əlverişli coğrafi mövqedə yerləşməsi, tarixboyu bu ərazidə insanların məskunlaşması barədə ətraflı məlumat verib. O, həmçinin Laçının tarixi şəxsiyyətləri barədə də ətraflı bəhs edərək, onların Azərbaycanın mədəni-dini sahəyə töhfələrini vurğulayıb.

Tədbir maraqlı müzakirələrlə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti