Bakı. Trend:
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən göstərilən xidmətlərin elektronlaşdırılması, eləcə də bu sahədə rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində görülən tədbirlər çərçivəsində “AYNA” informasiya sisteminin “Daşıyıcılar” altsistemi istifadəyə verilib.
Trend xəbər verir ki,
"Daşıyıcılar” altsistemi vasitəsilə elektron qaydada AYNA-ya
müraciət edərək avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları
sahəsində icazələrin alınması mümkündür. Məqsəd daşıyıcıların və
sürücülərin rahatlığını təmin etmək, fiziki təmasları minimuma
endirməkdir.
Elektron xidmətlərdən https://e-xidmet.ayna.gov.az/ portalına
daxil olaraq yararlanmaq mümkündür. Linkə daxil olaraq avtomobil
nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində icazənin
verilməsi üçün müraciət bölməsini seçmək lazımdır. Müraciət edən
şəxsin elektron kabinetinə yalnız “ASAN Login” üzərindən elektron
imza vasitələrindən biri
ilə daxil olmaq mümkündür.
Yeni yaradılan elektron sistem müvafiq dövlət orqanlarının
informasiya sistemlərinə inteqrasiya edildiyindən tələb olunan
sənədlərin sayı minimuma endirilib. Həmçinin digər dövlət
orqanlarının informasiya sistemlərindən əldə edilməsi mümkün
olmayan məlumatlarla bağlı sənədlərin skan edilmiş surətinin
müraciətə əlavə edilməsi imkanı
yaradılıb.
Müraciət edən şəxsə dövlət rüsumunun Hökumət Ödəniş Portalı üzərindən ödənilməsi imkanı da təmin edilib.