Bakı. Trend:
Layihə öz ixtisas profilinə görə dünyada, kateqoriyasına görə isə Azərbaycanda ilkdir
Avropa İttifaqının (Aİ) Erasmus Mundus Dizayn Tədbirləri (“Erasmus Mundus Design Measures” - EMDM) proqramının beynəlxalq elanına uyğun olaraq, Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) tərəfindən Avropa Komissiyasına (AK) təqdim edilmiş layihə AK tərəfindən seçilərək qrant mükafatına layiq görülmüşdür.
Layihə təkliflərinin AK tərəfindən dəyərləndirilməsində ən əsas meyarlardan biri layihənin tamamilə innovativ olması, indiyədək Avropada və dünyada mövcud olmayan, yeni bir proqramın yaradılmasının əsaslandırılması olmuşdur. Seçilmiş layihə bir çox istiqamətlərdə Azərbaycan və dünyada bir ilk sayılır. EMDM proqramı çərçivəsində indiyədək AK-nın Azərbaycandan seçdiyi ilk və hazırda yeganə layihə olan “Excellent MA ITCLSC” layihəsi həm də gömrük və əlaqədar sahələr üzrə dünyada ilk birgə, çoxölkəli, qlobal bir akademik dərəcə proqramının – 2 illik magistratura proqramının 15 ay ərzində DGKA-nın koordinatorluğu ilə 6 ölkə (Azərbaycan, Polşa, Litva, Ukrayna, Koreya, Çin) arasında hazırlanmasını hədəfləyir.
Layihənin beynəlxalq konsorsiumuna daxil olan qurumlar Litvanın Mikolas Romeris Universiteti, Polşanın Hüquq və İdarəçilik Universitetinin Rzeszov Hüquq Məktəbi, Ukraynanın Gömrük və Maliyyə Universiteti, Çin Baş Gömrük Administrasiyasının Şanxay Gömrük Kolleci və Koreya Gömrük Xidmətinin Gömrük Kadrlarının İnkişafı İnstitutudur. Azərbaycanda və dünyada ilk bu cür magistratura proqramının yaradılması üçün layihənin izləyəcəyi çərçivələr Azərbaycan qanunvericiliyi daxil olmaqla əsasən Avropa Ali Təhsil Məkanında Birgə Proqramların Keyfiyyət Təminatı Standartları, Ümumdünya Gömrük Təşkilatının (ÜGT) gömrük kadrları üçün Peşəkarlıq Standartları, Aİ Gömrük Kompetensiyaları Çərçivəsi (“CustComp”) və Gömrük Akademik Proqramlarının Tanınması üzrə AK Standartlarıdır. Magistr proqramının bu standartlarla uyğunlaşması qlobal əmək bazarının tələblərinə cavab verən bir proqramın hazırlanmasını da təmin edəcəkdir. Eyni zamanda BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən (DİM) bəzilərinin proqram kurrikulumuna daxil edilməsi nəzərdə tutulur. Göstərilən fəaliyyət istiqamətlərində konsorsium həm də Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi ilə əməkdaşlıq edəcəkdir.
Həmin çərçivələr əsasında hazırlanacaq dərəcə proqramının Azərbaycan, xüsusilə, Aİ və ÜGT tərəfindən akkreditasiyasına və tanınmasına nail olmaq layihənin yekun hədəflərindən biridir. Layihənin aid olduğu sahələrdə bir sıra ikili dərəcə proqramlarının mövcud olmasına baxmayaraq, hazırda dünyada beynəlxalq və çoxtərəfli miqyasda, gömrük və əlaqədar sahələrdə AK və ÜGT standartlarına uyğunlaşdırılmış, Aİ və ÜGT tərəfindən tanınan, beynəlxalq birgə dərəcə proqramı mövcud deyil.
Qeyd edək ki, seçilmiş “Mütərəqqi Avropa və beynəlxalq standartlara əsaslanan Beynəlxalq Ticarət, Gömrük, Logistika və Təchizat Zənciri üzrə qabaqcıl Magistr Dərəcə Proqramının yaradılması” adlı beynəlxalq layihənin (qısa adı: “Excellent MA ITCLSC”) müəllifi və meneceri, DGKA-nın beynəlxalq əməkdaşlıq və layihələr koordinatoru Elvin Mecidovdur.
Avropa Komissiyası tərəfindən seçilmiş innovativ beynəlxalq layihə fəaliyyətləri nəticəsində Dövlət Gömrük Komitəsinin Akademiyası Avropada və dünyada gömrük, ticarət, logistika, təchizat zənciri sahələrində qlobal təhsilə və kadr hazırlığına mühüm töhfə vermiş olacaqdır.
Avropa Komissiyasının bu layihənin məhsulu olan nəşrin hazırlanmasına dəstəyi, müxtəlif müəlliflərin fikirlərini əks etdirən məzmunun təsdiqini təşkil etmir və Komissiya layihə çərçivəsində təqdim olunan məlumatların istifadəsi ilə bağlı məsuliyyət daşımır.