Bakı. Trend:
Elektron Təhlükəsizlik Xidməti ilə Qazaxıstanın Dövlət Texniki Xidməti arasında informasiya təhlükəsizliyi sahəsində Anlaşma Memorandumu imzalanıb.
Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.
16-17 noyabr 2023-cü il tarixlərində Elektron Təhlükəsizlik Xidmətinin (ETX) rəisi Samir Rəsulovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstana işgüzar səfər edib.
Səfər çərçivəsində ETX ilə Qazaxıstanın Dövlət Texniki Xidməti informasiya təhlükəsizliyi sahəsində Anlaşma Memorandumu imzalayıb. Anlaşma Memorandumu tərəflər arasında informasiya təhlükəsizliyi sahəsində, xüsusilə insidentlərə cavab tədbirləri baxımından əməkdaşlıq və qarşılıqlı fəaliyyətin çərçivələrini müəyyən edir.
Anlaşma Memorandumunun imzalanma mərasimində Samir Rəsulov bildirib ki, mövcud kibertəhlükələrə qarşı mübarizəyə dair qabaqcıl təcrübənin öyrənilməsi, qarşılıqlı təcrübə və məlumat mübadiləsinin həyata keçirilməsi hər iki ölkənin informasiya təhlükəsizliyinin təmin olunmasına əhəmiyyətli dərəcədə müsbət təsir göstərəcək.
Səfər çərçivəsində nümayəndə heyətinin iştirakı ilə həmçinin Qazaxıstanın Milli Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (KZ-CERT) və Qazaxıstanda informasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətlərlə görüşlər keçirilib.