Bakı. Trend:
Günümüzdə istehlak bazarında istehlakçılar arzuladıqları məhsulu və ya xidməti münasib qiymətə əldə etmək imkanına malikdirlər. Məhsulların çeşidliliyi istehlakçılara sərbəst seçim üçün geniş şərait yaradır. Amma bəzən məhsul və ya xidmətlərin xüsusiyyətləri çəkilən xərclərlə mütənasib olmur. İstehlakçılar onlara təqdim olunan mal və ya işin keyfiyyəti və səmərəliliyi istiqamətində gözlənilən nəticəni əldə etmirlər.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən həyata keçirilən istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət tədbirləri çərçivəsində iş görülməsi və xidmət göstərilməsi zamanı icraçıların öz öhdəliklərinə əməl etməməsi ilə bağlı pozuntulara rast gəlinir. Belə ki, verilən sifarişlərin vaxtında və lazımi keyfiyyətdə yerinə yetirilməməsi, xidmət zamanı qüsurlara yol verilməsi halları baş verir. Bu hallardan sığortalanmaq üçün istehlakçılara ilk növbədə iş görülməsi və ya xidmət göstərilməsi zamanı, xüsusilə də yüksək ödəniş qarşılığında iş və xidmət göstərilərkən icraçı ilə yazılı müqavilənin bağlanılması tövsiyə edilir.
Trend iş görülməsi və xidmət göstərilməsi zamanı istehlakçıların hüquqları ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin baş məsləhətçisi Jalə Qənbərovanın müsahibəni təqdim edir:
- İş görülməsi və xidmət göstərilməsi zamanı istehlakçı və icraçı arasında müqavilənin bağlanması nə üçün vacibdir?
- İş görülməsi və xidmət göstərilməsi zamanı icraçılarla istehlakçılar arasındakı münasibətlər bir qayda olaraq müqavilələrlə nizama salınır. Hər bir müqavilə hüquqi məqsəd daşıyır və müqavilədə icraçı tərəfindən iş görülməsi, xidmət göstərilməsi şərtləri öz əksini tapır. Bununla da icraçılar tərəfindən öhdəliklərin lazımınca icra olunmadığı və ya digər mühüm qüsurlar aşkar edildiyi hallarda istehlakçılar öz hüquqlarını bağlanmış yazılı müqavilə əsasında müdafiə edə bilər.
Müqavilə istehlakçı ilə icraçı arasında qarşılıqlı münasibətləri, tərəflərin hüquq və vəzifələrini müəyyənləşdirir. Dövlət orqanları, vəzifəli şəxslər və məhkəmələr tərəfindən bu və ya digər problem araşdırılarkən, mübahisələr həll edilərkən tərəflərin öz iradəsini müqavilədə necə əks etdirdiyi əsas götürülür. Ona görə də istehlakçılara birinci növbədə iş görülməsi və xidmət göstərilməsi zamanı yazılı müqavilənin bağlanması tövsiyə olunur. Görülmüş işlərin nəticəsi təqdim edilərkən isə icraçıdan təhvil-təslim aktını tələb etməli, işin nəticəsini hərtərəfli yoxlamalıdırlar. Bu və ya digər mal alarkən, iş sifariş edərkən diqqətsizliyə yol vermək, tələskənlik etmək, müqavilənin şərtləri ilə yaxından tanış olmamaq maddi zərərə, mənəvi sarsıntılara və zaman itkisinə səbəb ola bilər.
İstehlakçıların sərbəst şəkildə işi, xidməti, həmin işin, xidmətin icraçısını seçə bilməsi üçün iş, xidmət barəsində ona əvvəlcədən məlumat verilməlidir. Verilən məlumatlar yazılı müqavilədə də öz əksini tapır. Müqavilədə tərəflərin hüquq və öhdəlikləri, mübahisələrin həlli qaydası, həmçinin, malın, işin və xidmətin qiyməti, icra müddəti, keyfiyyəti, ödəniş forması, tərəflərin məsuliyyəti və s. şərtlər qeyd olunur. Bütün bunlar isə istehlakçılara öz hüquqlarını müdafiə etmək üçün imkanlar yaradır.
- İş görülməsi və xidmət göstərilməsinə dair müqavilə şərtləri pozularkən istehlakçının hüquqları və icraçının məsuliyyəti nədən ibarətdir?
- İş görülməsi və xidmət göstərilməsi ilə bağlı müddəalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 9-cu maddəsində müəyyən olunub. Qanunvericiliyə əsasən, icraçı iş görülməsinə və xidmət göstərilməsinə dair müqavilənin icrasına vaxtında başlamırsa və ya çox ləng işləməsi işin vaxtında başa çatmamasına dəlalət edirsə, istehlakçının müqavilədən imtina etmək və dəymiş zərərin ödənilməsini tələb etmək hüququ var.
İş və ya xidmətlərdə müqavilə şərtlərindən əhəmiyyətli dərəcədə kənara çıxıldıqda, yaxud başqa mühüm qüsurlar olduqda istehlakçı həmin qüsurları aradan qaldırmaq üçün icraçıya əlavə müddət verə bilər. Bu müddət ərzində də iş və ya xidmət yerinə yetirilməzsə, istehlakçının müqavilənin ləğv olunmasını və dəymiş zərərin ödənilməsini tələb etmək hüququ var.
İcraçı müqavilənin şərtlərindən kənara çıxaraq, işi və ya xidməti pisləşdiribsə, yaxud işdə (xidmətdə) başqa qüsurlara yol veribsə, istehlakçı icraçının hesabına qüsurların əvəzsiz olaraq müvafiq müddətdə aradan qaldırılmasını tələb edə bilər. Bundan əlavə, istehlakçının bu proses zamanı çəkilən zəruri xərclərin ödənilməsini, yaxud xidmət haqqının müvafiq surətdə azaldılmasını tələb etmək hüququ da var.
İcraçı istehlakçıdan qəbul etdiyi əşyanı (materialı) itirdikdə, korladıqda, zədələdikdə istehlakçıya özünün keyfiyyətcə və qiymətcə oxşar əşyasını qaytarmalı, yaxud müvafiq iş görməli və ya xidmət göstərməlidir. Bu mümkün olmadıqda isə istehlakçının razılığı ilə əşyanın (materialın) dəyərini ona bir aydan gec olmamaq şərti ilə ödəməlidir.
İcraçı əşyanın (materialın) korlanmasına gətirib çıxara bilən xüsusi xassələri barədə istehlakçını xəbərdar etməlidir.
İstehlakçı tərəfindən aşkarlanan qüsurlar müəyyən edilmiş müddətdə aradan qaldırılmadıqda, habelə işlərin və ya xidmətlərin yerinə yetirilməsi ləngidildikdə icraçı sifarişçiyə gecikdirilmiş hər gün üçün dəbbə pulu (cərimə) ödəməlidir. Əgər müqavilədə başqa məbləğ nəzərdə tutulmayıbsa, dəbbə pulu iş və ya xidmət dəyərinin bir faizi məbləğində müəyyən edilir.
- İstehlakçı iş görülməsi və xidmət göstərilməsi zamanı pozulmuş hüquqlarına görə tələblərini hansı müddətdə irəli sürə bilər?
- Mövcud qanunvericiliyə əsasən, istehlakçının tələbləri işin və ya xidmətin yerinə yetirilməsi, sifarişçi tərəfindən təhvil alınması zamanı, habelə zəmanət müddəti dövründə, belə müddət olmadıqda isə bir il ərzində qüsurlar aşkar edilərkən irəli sürülə bilər. Zəmanət müddəti işin, xidmətin sifarişçi tərəfindən təhvil alındığı gündən hesablanır. İstehlakçının təqsiri üzündən iş və ya xidmət vaxtında qəbul olunmadıqda isə icra üçün müqavilədə müəyyən edilmiş müddət nəzərə alınır.
İş görülməsi və xidmət göstərilməsi zamanı icraçılar öz öhdəliklərini lazımınca icra etməli, müqavilədə qeyd olunan icra müddəti ərzində işlərin görülməsini, xidmət göstərilməsini həyata keçirməli və qanunvericiliyin tələblərinə uyğun olaraq istehlakçıların hüquqlarının təmin olunmasına çalışmalıdırlar.
İstehlakçılar iş görülməsi və xidmət göstərilməsi zamanı rastlaşdıqları pozuntu halları ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə birbaşa ərizə, rəsmi internet səhifəsi ( https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif), elektron poçt ([email protected]) və 195-1-4 Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər.
Məlumat üçün bildirək ki, istehlakçı hüquqlarının pozulmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar.