Bakı. Trend:
Mülki hava gəmilərinin və onların komponentlərinin uçuşa yararlılığının saxlanılmasını idarə edən təşkilatların sertifikatlaşdırılması qaydası təsdiqlənib.
Trend xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Sənədə əsasən, bu qayda “Aviasiya haqqında” Qanunun 24.4-cü maddəsinə uyğun olaraq hazırlanıb və dövlət qeydiyyatına alınmış, o cümlədən, “Beynəlxalq Mülki Aviasiya haqqında” 1944-cü il 7 dekabr tarixli Konvensiyanın 83 bis maddəsinə əsasən uçuşa yararlılıq öhdəlikləri Azərbaycana keçmiş mülki hava gəmilərinin və onların komponentlərinin uçuşa yararlılığının saxlanılmasını idarə edən təşkilatlara təsdiq sertifikatının verilməsi, habelə bu sertifikatda dəyişikliklər edilməsi və etibarlılıq müddətinin uzadılmasına dair tələbləri müəyyən edir.
Bu qayda ilə tənzimlənməyən məsələlər Qanuna, Konvensiyaya 6 nömrəli Əlavə - “Hava gəmilərinin istismarı” və 8 nömrəli Əlavə - “Hava gəmilərinin uçuşa yararlığı” ilə müəyyən edilmiş Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə, o cümlədən “Doc 9760, uçuşa yararlılıq üzrə Təlimat”ına uyğun olaraq həyata keçirilir.
Mülki hava gəmilərinin və onların komponentlərinin uçuşa yararlılığının saxlanılmasını idarə etmək üçün fəaliyyətin həyata keçirmək hüququnu təsdiq edən sənəd təsdiq sertifikatıdır. Mülki hava gəmilərinin və onların komponentlərinin uçuşa yararlılığının saxlanılmasını idarə edən təşkilatlar öz fəaliyyətlərini təsdiq sertifikatı əsasında həyata keçirir.
Hər təşkilatın bir təsdiq sertifikatı ola bilər.