Bakı. Trend:
Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində sığortaolunan kimi qeydiyyata alınmış şəxslərin sayı 2024-cü ilin sonuna 5,2 mln. nəfərə çatıb.
Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.
Hesabatda bildirilib ki, 2006-2016-cı illər üzrə sığortaedənlər tərəfindən ödənilmiş, lakin sığotaolunanların fərdi hesablarında əks etdirilməmiş 1440,6 mln. manat vəsait üzrə 2020-2024-cü illərdə görülmüş əməktutumlu fəaliyyətin nəticəsi olaraq sığortaolunanların (hərbçilər və xüsusi rütbəli şəxslər daxil olmaqla) fərdi hesablarında əks etdirilmiş məbləğlər ümumilikdə 88,6 %-ə və ya 1276,8 mln. manata çatdırılıb.
2024-cü ilin əvvəlindən 1 365 dövlət icbari şəxsi sığorta hadisəsi üzrə 1416 şəxsə 4,2 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.
“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanları əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmələr həyata keçirilir. 2024-cü ildə 207 nəfərə təyinat aparılıb, bu istiqamət üzrə ödənilmiş vəsaitin ümumi məbləği 2,1 mln. manat təşkil edib.