...

Beynəlxalq Xalça Festivalının zəngin və rəngarəng proqramı hər yaş qrupundan qonaqları cəlb edir!

Cəmiyyət Materials 1 May 2025 14:10 (UTC +04:00)
Beynəlxalq Xalça Festivalının zəngin və rəngarəng proqramı hər yaş qrupundan qonaqları cəlb edir!

Bakı. Trend:

2-4 may 2025-ci il tarixlərində İçərişəhərdə Beynəlxalq Xalça Festivalı baş tutacaq. “Azərxalça” ASC və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi ilə keçirilən festivalın əsas məqsədi Azərbaycan xalçaçılıq sənətini dünya müstəvisində tanıtmaq, onun zəngin irsini və gələcək inkişaf perspektivlərini nümayiş etdirmək, dünya xalçaçılarının təcrübə və bacarıqlarından bəhrələnməkdir.

Bu səbəbdən Festivalın proqramı zəngin və rəngarəngliyi ilə bütün yaş qruplarından olan qonaqların maraqlarına xitab edir. Festival çərçivəsində ziyarətçiləri sehrli əyləncə proqramı: rəngarəng konsertlər silsiləsi, açıq hava kinoteatrı və yerli brendlərlə sənətkarların iştirak etdiyi müxtəlif yarmarkalar gözləyir.

Festivala baş çəkən hər bir kəslə “Azərxalça” ASC-nin ölkənin müxtəlif istiqamətlərində fəaliyyət göstərən 14 emalatxanasından dəvət olunmuş 28 toxucu qadın, emal prosesinin gözəlliyini nümayiş etdirən geniş emal komandası və yaradıcı qrupun üzvləri xalçaçılıq sirrlərini bölüşəcək, ustad dərslərinə qonaq edəcək.

Festivalın əyləncə proqramının digər əsas hissəsini təqdim olunacaq canlı tamaşa təşkil edir. Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" romanından götürülən hekayə xalçanın əhəmiyyətini ailə şərəfi və mədəni irsimizin simvolu olaraq təqdim edir. Əsər Beynəlxalq Xalça Festivalı çərçivəsində bədii rəhbər Nigar Həsənzadənin quruluşunda və Xalq artisti Pərviz Məmmədrzayevin pantomimasında səhnəyə gətirilir.

Festivalın uşaqlar üçün proqramı isə nağıllar dünyasına daxil olub hər yaşdan uşağın təxəyyülünü oyandırmağa yönəlmiş seminar və yaradıcı fəaliyyətlər təklif edir. Proqrama bu sahənin əsas mütəxəssislərindən hesab olunan Firuza Sultanzadə rəhbərlik edir. Öz rəngarəng naxışlarını toxumaqdan, immersiv nağıl oxuma sessiyalarına qədər hər fəaliyyət uşaqlar üçün Beynəlxalq Xalça Festivalını sehrli bir təcrübə kimi yaddaşlara həkk edəcək. Gənc iştirakçılar isə müxtəlif əl işi sənət sahələrini öyrənərək təbiət və ekoloji mövzularla əlaqəli işlər (yun çəkmə və təbii rənglərlə eksperimentlər) görəcək. Hər fəaliyyət – kağız teatrı, oxuma küncü və əl işi stansiyası – xüsusi yaş qruplarına uyğun olaraq hazırlanmışdır. Üz boyama və kukla şoulari kimi əlavə fəaliyyətlər Festivalı balaca dostlarımız üçün daha da maraqlı edəcək.

Bundan əlavə may ayının 2-dən etibarən 3 gün ərzində (2-4 may) Faiq Əhmədin "İşarələr" (Qgallery), Samirə Allahverdiyevanın “Nar və Əncir Simfoniyası” ( Bakı Fotoqrafiya Evi) Eldar Mikayılzadənin "Toxu xalçaları, sevərək toxu" (Zaman Qalereyası) və ”Üç peyğəmbər” (Tolerantlıq evi), Aydan Salahovanın "Memarlığın Yaddaşı" (“Azərxalça" sərgi və satış salonu), Aişə Hacıyevanın “Zaman” (Qız Qalası meydanı) sərgiləri də işlərinə davam edəcək.

Xəbər lenti

Xəbər lenti