Bakı. Trend:
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt şəhərləri və Ağstafa rayonunun inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi halları aşkar olunub.
Trend xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi, Binəqədi rayonu Biləcəri qəsəbəsi, Sumqаyıt şəhəri 11-ci mikrorayon, Ağstafa rayonu Böyükkəsik və Kolxəlifəli kəndləri ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 151 100 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.