...

Əmmanda “Əsrlərin sədası: Azərbaycan musiqi alətləri” adlı sərginin açılışı keçirilib (FOTO)

Cəmiyyət Materials 8 Oktyabr 2025 12:02 (UTC +04:00)
Əmmanda “Əsrlərin sədası: Azərbaycan musiqi alətləri” adlı sərginin açılışı keçirilib (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin 07 oktyabr tarixində İordaniyanın paytaxtı Əmman şəhərində Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı Səfirliyinin təşkilatçılığı və YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının dəstəyi ilə, Petra Milli İnam Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, şahzadə Dana Firasın himayədarlığı altında “Əsrlərin Sədası: Azərbaycan Musiqi Alətləri” adlı sərginin açılış mərasimi keçirilib.

Trend xəbər verir ki, mərasimdə İordaniyanın dövlət və mədəniyyət qurumlarının nümayəndələri, Krallıqda akkreditə olunmuş diplomatik korpusun üzvləri, elmi və incəsənət dairələrinin təmsilçiləri, habelə yerli ictimaiyyətin görkəmli nümayəndələri iştirak edib.

Sərginin açılışı mərasimində çıxış edən Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı Fövqəladə və Səlahiyyətli səfiri Eldar Səlimov təqdim olunan sərginin təkcə sənət ekspozisiyası deyil, eyni zamanda Azərbaycan xalqının ruhunun, çoxəsrlik tarixinin və zəngin mədəni irsinin təcəssümü olduğunu qeyd edib. Səfir Azərbaycanın musiqi ənənəsinin qədim dövrlərə – musiqi və rəqs səhnələrinin əks olunduğu Qobustan və Gəmiqaya qayaüstü təsvirlərinə qədər uzandığını vurğulayıb.

E.Səlimov Azərbaycan musiqisinin xalqın mənəvi həyatında daim mühüm yer tutduğunu, “Kitabi-Dədə Qorqud” dastanında, eləcə də Nizami Gəncəvi və Məhəmməd Füzuli kimi böyük klassiklərin yaradıcılığında geniş əks olunduğunu bildirib. O, həmçinin Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Müslüm Maqomayev və digər görkəmli sənətkarların adlarını xatırladaraq, onların yaradıcılığının Şərqlə Qərb arasında mədəni körpü rolunu oynadığını diqqətə çatdırıb. Diplomatın sözlərinə görə, sərgidə nümayiş etdirilən hər bir musiqi aləti – tar, kamança, nağara, saz, qaval, qanun, ud, tütək və zurna – milli yaddaşın canlı daşıyıcısı, Azərbaycan xalqının tarixi və mənəvi kimliyinin ifadəsidir.

Daha sonra E.Səlimov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan musiqi mədəniyyətinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edib, bu istiqamətdə həyata keçirilən tədbirlərin bariz nümunələrindən biri kimi milli mədəni dirçəlişin rəmzinə çevrilmiş Şuşa şəhərində “Xarıbülbül” festivalının bərpasını vurğulayıb.

Çıxışın sonunda səfir YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası adından sərgidə təqdim olunan musiqi alətlərini və Azərbaycan xalqının qədim sənətkarlıq irsini təmsil edən xalçaları Petra Milli İnam Fonduna rəsmi hədiyyə kimi təqdim edərək, bu rəmzi addımın Azərbaycanın bəşəriyyətin ümumi mədəni irsinin qorunması və təşviqinə verdiyi töhfənin təzahürü olduğunu söyləyib.

Sərgi çərçivəsində tədbir iştirakçıları üçün İordaniyanın “Duroob” qrupunun ifasında Azərbaycan milli musiqisinin klassik nümunələrindən ibarət proqram təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti