...

9 il əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub

Cəmiyyət Materials 13 Noyabr 2025 15:17 (UTC +04:00)
9 il əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Ötən illərdən bağlı qalmış cinayət işlərinin üstünün açılması, o cümlədən itkin düşmüş şəxslərlə bağlı faktların araşdırılması məqsədilə prokurorluq orqanları tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə kompleks tədbirlər həyata keçirilir.

Trend xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, həyata keçirilən tədbirlərin davamı olaraq, Cəlilabad rayon prokurorluğu və rayon polis şöbəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində 2016-cı ilin aprel ayında itkin düşmüş Cəlilabad rayonu, Göytəpə şəhər sakini, 1982-ci il təvəllüdlü Xəyalə Xəlilovanın qəsdən öldürülməsi müəyyən edilib.

İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 1997-ci il təvəllüdlü Elnur Eynullayevin aralarında yaranmış mübahisə zamanı Xəyalə Xəlilovanı döyməsi, daha sonra onu boğaraq qəsdən öldürməsi və cinayəti gizlətmək üçün basdırmasına əsaslı şübhələr müəyyən edilib.

Xəyalə Xəlilovanın meyitinin basdırıldığı yer müəyyən olunaraq prokuror-kriminalistin və ekspertin iştirakı ilə çıxarılıb, aidiyyəti üzrə müayinənin aparılması üçün ekspertizaya təqdim edilib.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

E.Eynullayev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Bağlı qalmış cinayət işləri, o cümlədən itkin düşmüş şəxslərin axtarışları daim diqqət mərkəzində saxlanılmaqla onların tapılması, cinayət əməlini törədən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən mütəmadi olaraq birgə tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti