Bakı. Trend:
ATƏT-in Minsk qrupunun ləğv edilməsi Azərbaycanın növbəti parlaq diplomatik qələbəsi olmaqla yanaşı, bölgədə dayanıqlı sülhün təmin edilməsi baxımından da mühüm tarixi hadisədir.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova bildirib.
Deputat qeyd edib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər uzun illər səmərəsiz fəaliyyəti ilə yadda qalan Minsk qrupunun artıq funksional və siyasi baxımdan tamamilə əhəmiyyətsiz bir struktura çevrildiyini açıq şəkildə ortaya qoymuşdu:
“ATƏT-in Minsk qrupu 28 il ərzində münaqişənin həlli istiqamətində real heç bir irəliləyiş əldə edə bilmədi. Əksinə, qərəzli və qeyri-obyektiv mövqeyi ilə prosesi dalana dirədi, danışıqları illərlə uzadaraq münaqişənin dondurulmuş vəziyyətdə qalmasına şərait yaratdı. Bu illər ərzində quruma olan etimad tamamilə itmişdi. Azərbaycan isə münaqişəni özü həll etdi, regionda yeni geosiyasi reallıq formalaşdırdı və bu reallıqda Minsk qrupuna heç bir ehtiyac qalmadı. Ermənistanla sülh sazişinin imzalanması prosesində də bu qurumun ləğvi Azərbaycanın əsas tələblərindən biri idi”.
A.Həsənova vurğulayıb ki, Azərbaycan hər zaman bəyan edib ki, öz ərazisinin bir qarışından belə geri çəkilməyəcək və torpaqlarını həm diplomatik, həm də zərurət yaranacağı halda hərbi yolla azad edəcək:
“Minsk qrupu illərlə birtərəfli və qərəzli yanaşması ilə münaqişənin həllini mümkünsüz edirdi. Bu qurumun səmərəsiz fəaliyyəti danışıqlar prosesini ləngidir, Ermənistanın destruktiv mövqeyini stimullaşdırırdı. Azərbaycan isə öz ərazilərinin qeyri-müəyyən müddətə işğal altında qalmasına heç vaxt razılıq verə bilməzdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan güclü siyasi xətt və ordu quruculuğu siyasəti nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusundan birinə çevrildi”.
Deputat bildirib ki, illərlə davam edən nəticəsiz danışıqlar, Ermənistanın ardıcıl təxribatları və beynəlxalq vasitəçilərin passivliyi 44 günlük Vətən müharibəsinin başlanmasına gətirib çıxardı:
“Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə edərək ərazi bütövlüyünü bərpa etdi və işğal altındakı torpaqlarını azad etdi. Bu qələbə həm də Minsk qrupunun formal mövcudluğuna son qoydu”.
A.Həsənova əlavə edib ki, Minsk qrupunun ləğvi regionda sülh quruculuğunun qarşısında duran ən böyük maneələrdən birinin aradan qaldırılması deməkdir:
“Bu qərar Cənubi Qafqazda uzunmüddətli sabitlik, firavanlıq və qarşılıqlı əməkdaşlıq perspektivlərinə inamı daha da gücləndirir. Azərbaycanın prinsipial mövqeyi nəticəsində regionda sülhə doğru yeni və daha real imkanlar yaranıb”.
