Bakı. Trend:
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında iri neft emalı zavodlarının (xam neft üzrə illik emal gücü 3 milyon tondan az olmayan) yenidən qurulması layihələri çərçivəsində avadanlıqların və materialların idxalı 2029-cu il yanvarın 1-dək müddətinə ƏDV-dən azad edilib.
Trend-in məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Bildirilib ki, Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidən qurulması və modernizasiyası layihəsinin maliyyə xərclərinin azaldılması, cəlb olunan vəsaitlərin birbaşa investisiyaya yönəldilməsi, AVRO-5 standartlarına uyğun benzin və dizel istehsalı məqsədilə zavodun yenidən qurulması layihələri çərçivəsində avadanlıqların və materialların idxalının ƏDV-dən azad edilməsi müddəti daha 3 il artırılıb.
Məlumat üçün bildirək ki, sözügedən güzəştlər 2021-ci il yanvarın 1-dən tətbiq edilirdi və müddəti 2026-cı il yanvarın 1-də başa çatacaqdı.
Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minib.
