Bakı. Trend:
Dəyişikliklə onkoloji yardımın özəl tibb müəssisələrində hansı vəsait hesabına qarşılanması məsələsi də müəyyənləşib.
Trend xəbər verir ki, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev parlamentin Səhiyyə komitəsinin bugünkü iclasında “Onkoloji yardım haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
Şöbə müdiri bildirib ki, özəl tibb müəssisələrində xidmət, təbii ki, ödənişsiz həyata keçirilməyəcək.
“Eyni zamanda özəl tibb müəssisələri istəsə, könüllü şəkildə bu işi pulsuz həyata keçirə bilər, təbii ki, könüllü sığorta sistemi işə düşəcək. Ən əsası isə pasientlər həmin müəssisənin rəhbərliyi ilə müqavilə bağlayaraq qarşılıqlı şəkildə razılıq əsasında müalicə və müayinə həyata keçirə bilər”.
Qeyd edək ki, qanun layihəsində “Lisenziyalar və icazələr haqqında” Qanunun tələblərinə əsasən özəl tibb müəssisələri tərəfindən onkoloji yardımın həyata keçirilməsi təklif edilir. Layihənin qəbul olunması nəticəsində ixtisaslaşdırılmış özəl tibb müəssisələri ilə yanaşı, “Lisenziyalar və icazələr haqqında” Qanunun tələblərinə əsasən, yalnız onkoloji yardım üzrə lisenziyaya malik özəl tibb müəssisələri tərəfindən xidmət həyata keçiriləcək.
