...

Azərbaycanda özəl klinikalar da onkoloji xidmət göstərə biləcək - YENİLİK

Cəmiyyət Materials 22 Yanvar 2026 12:00 (UTC +04:00)
Azərbaycanda özəl klinikalar da onkoloji xidmət göstərə biləcək - YENİLİK
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda özəl tibb müəssisələrində onkoloji xəstəliklərin müayinə və müalicəsi həyata keçiriləcək.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Səhiyyə komitəsinin bugünkü iclasında müzakirə olunan “Onkoloji yardım haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, onkoloji yardım ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində və “Lisenziyalar və icazələr haqqında” Qanununa uyğun olaraq lisenziya almış özəl tibb müəssisələrində (lisenziyanın əlavəsinə uyğun olaraq) həyata keçiriləcək.

“Özəl tibb fəaliyyəti haqqında” Qanuna əsasən, özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslərin göstərdiyi tibbi yardıma görə ödəniş, yəni bilavasitə xəstələrlə bağlanmış müqavilələr, üçüncü şəxsin (pasiyentin) xeyrinə müəssisə və vətəndaşlarla müqavilələr, icbari və könüllü tibbi sığorta üzrə göstərilən tibbi yardıma görə sığortaçılar ilə bağlanmış müqavilələr xeyriyyə proqramları üzrə bağlanmış müqavilələr əsasında həyata keçirilir.

Özəl tibb fəaliyyəti subyektlərinin vətəndaşlar və təşkilatlarla (o cümlədən könüllü tibbi sığorta üzrə tibbi xidmətlər göstərilməsinə dair sığorta təşkilatları ilə) müqavilələr çərçivəsində göstərdikləri tibbi xidmətlərin tarifləri tərəflər arasında razılaşmaya görə müəyyənləşdirilir.

Özəl tibb fəaliyyəti subyektlərinin tibbi xidmətlərin göstərilməsi haqqında müqavilə bağlayıb-bağlamamasından asılı olmayaraq ehtiyacı olan şəxslərə göstərilən təcili tibbi yardıma görə ödəniş göstərilən tibbi xidmətlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi tariflərə uyğun olaraq icbari tibbi sığorta vəsaitləri hesabına həyata keçirilir.

Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində (bir nəzarət-kassa aparatının çeki üzrə) 500 manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər “Nağdsız hesablaşmalar haqqında” Qanuna uyğun olaraq yalnız nağdsız qaydada həyata keçirilir.

“Onkoloji yardım haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən, onkoloji xəstələrin özəl tibb müəssisələrində müayinəsi və müalicəsi yuxarıda qeyd edilən müddəalar uyğun olaraq həyata keçiriləcək.

Dəyişikliyin əsaslandırması

Bildirilib ki, hazırda “Onkoloji yardım haqqında” Qanunun tələblərinə əsasən, onkoloji xidmət yalnız onkoloji xidmət göstərilməsi üçün ixtisaslaşmış dövlət müəssisələri tərəfindən həyata keçirilir. Bu xüsusda, Azərbaycan Respublikasının vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Həmçinin, dövlət tərəfindən onkoloji xəstələrin dispanserizasiyası, müayinə, müalicə və reabilitasiyasını həyata keçirən ixtisaslaşdırılmış dövlət tibb müəssisələrinin, onkoloji xidmət strukturlarının yaradılması və onların maddi-texniki bazasının gücləndirilməsinə təminat verilir.

Onkoloji xəstələrə müalicə-diaqnostika yardımı fərdi müraciət və ya müalicə-profilaktika müəssisəsinin göndərişi əsasında ixtisaslaşdırılmış onkoloji müəssisələrdə göstərilir. Onkoloji xəstələrin dövlət tibb müəssisələrində müayinəsi və müalicəsi üzrə tədbirlər dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilir.

“Əhalinin sağlamlığının qorunması haqqında” Qanun pasiyentin öz razılığı ilə həkimi, o cümlədən müalicə həkimini və müalicə-profilaktika müəssisəsini seçmək hüququnu təsbit edir. Yəni pasiyent öz iradəsi ilə dövlət və ya özəl tibb müəssisəsində müalicə almaq hüququna malikdir. Lakin, “Onkoloji yardım haqqında” Qanuna əsasən, vətəndaşlar yalnız ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində xidmət ala bilərlər.

Qeyd edilənlərə əsasən, hər hansı özəl tibb müəssisəsi bu fəaliyyətlə məşğul olarsa, lisenziyadan kənar fəaliyyət hesab olunur və məsuliyyətə cəlb edilir. Hazırda ölkədə onkoloji yardım alan xəstələrin çoxluğu, təminatın sırf dövlət büdcəsi hesabına həyata keçirilməsi vətəndaşların ölkə xaricinə üz tutmasına səbəb olur. Halbuki, ölkə ərazisində onkoloji yardım xidməti ilə məşğul ola biləcək müasir avadanlıqlarla təchiz edilmiş və ixtisaslı həkimlərin fəaliyyət göstərdiyi özəl tibb müəssisələri mövcuddur.

Bu səbəbdən, sözügedən problemin aradan qaldırılması məqsədilə “Lisenziyalar və icazələr haqqında” Qanunun tələblərinə əsasən özəl tibb müəssisələri tərəfindən onkoloji yardımın həyata keçirilməsi təklif edilir.

Layihənin qəbul olunması nəticəsində ixtisaslaşdırılmış özəl tibb müəssisələri ilə yanaşı, “Lisenziyalar və icazələr haqqında” Qanunun tələblərinə əsasən, yalnız onkoloji yardım üzrə lisenziyaya malik özəl tibb müəssisələri tərəfindən xidmət həyata keçiriləcək.

Bu isə vətəndaşların öz iradəsinə əsasən istənilən tibb müəsisəsində tibbi xidmət almasına səbəb olmaqla Azərbaycan Respublikasının vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin öz mülahizələrinə əsasən müstəqil surətdə öz müalicə həkimlərini seçmək və müvafiq tibb müəssisəsində müalicə almaq hüququ təmin ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti