...

Məhkəməyədək icraat elektron qaydada da aparılacaq

Cəmiyyət Materials 29 Yanvar 2026 10:00 (UTC +04:00)
Məhkəməyədək icraat elektron qaydada da aparılacaq
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda məhkəməyədək icraatın elektron qaydada aparılması qaydaları müəyyənləşdiriləcək.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan Cinayət-Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, elektron qaydada məhkəməyədək icraat cinayət təqibi orqanlarının müvafiq informasiya sistemləri vasitəsilə həyata keçiriləcək. Prosessual sənədlər və digər məlumatlar Cinayət-Prosessual Məcəllə ilə müəyyən edilmiş qaydalara uyğun olaraq cinayət təqibi orqanlarının müvafiq informasiya sistemləri vasitəsilə elektron qaydada mübadilə edilə biləcək.

Cinayət təqibi orqanlarının müvafiq informasiya sistemlərində cinayət prosesinin iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin iştirak etdiyi iş üzrə prosesin gedişi, çıxarılan qərarlar, onların icra vəziyyəti, onlardan verilən şikayət və ya protestlər barədə məlumat almaq, prosessual sənədləri göndərmək və qəbul etmək, habelə prosessual hərəkətdə iştirak etmək imkanlarını təmin edən elektron kabinet yaradılacaq.

Məhkəməyədək icraat elektron qaydada həyata keçirildikdə cinayət prosesinin iştirakçıları və cinayət prosesində iştirak edən digər şəxslər cinayət təqibi orqanlarının müvafiq informasiya sistemlərində qeydiyyatdan keçiblərsə, Cinayət-Prosessual Məcəlləyə əsasən həmin şəxslərə verilməsi nəzərdə tutulmuş prosessual sənədlər və digər məlumatlar onların elektron kabinetlərində yerləşdiriləcək. Bu barədə həmin şəxslərə cinayət təqibi orqanlarının müvafiq informasiya sistemləri vasitəsilə elektron qaydada (elektron poçt və SMS vasitəsilə) məlumat veriləcək. Sənəd elektron kabinetdə yerləşdirildikdə və bu barədə sənədin göndərildiyi şəxsə məlumatın elektron qaydada verilməsi təmin edildikdə o, rəsmi qaydada verilmiş hesab ediləcək.

Yuxarıdakı abzasda nəzərdə tutulmuş şəxslər Cinayət-Prosessual Məcəlləyə əsasən cinayət təqibi orqanına təqdim etmək hüququna malik olduqları prosessual sənədləri müvafiq elektron kabinetləri vasitəsilə göndərə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti