Bakı. Trend:
Məhkəmə və prokurorluq arasında sənəd dövriyyəsinin “Elektron məhkəmə” və “Elektron prokurorluq”sistemləri vasitəsilə gücləndirilmiş elektron imza ilə həyata keçiriləcək.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan Cinayət-Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Qüvvədə olan qanunvericiliyə görə, ittiham aktını təsdiq etdikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror təxirə salmadan ittiham aktının surətini cinayət prosesi iştirakçılarına çatacaq sayda əlavə etməklə cinayət işini aidiyyəti üzrə məhkəməyə göndərir və gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş ittiham aktını “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirir.
Qanun layihəsinə əsasən, məhkəməyədək icraat elektron qaydada aparıldığı halda, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işini “Elektron prokurorluq” informasiya sistemi vasitəsilə “Elektron məhkəmə” informasiya sisteminə göndərəcək.
Cinayət təqibi üzrə icraatın materiallarına əlavə edilərək elektron qaydada göndərilə bilməyən maddi sübutlar, sənədlər və digər əşyalar məhkəməyə bilavasitə təqdim ediləcək.
