Həcc ziyarətindən qayıdan azərbaycanlı zəvvarların birinci qrupu artıq bu gecə Suriya-Türkiyə sərhədini keçəcək. Bu barədə Trend ə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) xəbər verilib.
Bu qrup Həcc ziyarətinə avtobuslarla yola duşmüş zəvvarlardan ibarətdir. İkinci qrup isə hazırda İordaniyadadır, bu gecə onların avtobusları Suriyaya daxil olacaq.
QMİ-nin məlumatına görə, təyyarə ilə ziyarətə yola düşmüş zəvvarların bir hissəsi hazırda Mədinədədir və Məhəmməd peyğəmbərin qəbrini ziyarət edir. İkinci qrup Mədinəyə yanvarın 16-da axşam yola düşəcək. Daha sonra onlar Mədinədən Ciddəyə gedəcək. Yanvarın 17-dən başlayaraq zəvvarlar Ciddədən vətənə qayıdacaq.
QMİ-dən verilən məlumata görə, bütün zəvvarlar sağ və salamatdır.