Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tofiq Paşayevin sədrliyi ilə "Parabank" səhmdar kommersiya bankının Əzizbəyov rayon filialının keçmiş müdirinin və digər məsul əməkdaşlarının məhkəməsi başa çatıb. Trend məlumat verir ki, filialın keçmiş müdiri Xalid Rəsulovun, iqtisadçı Qalib Rəsulovun, baş mühasib Səbinə Vəliyevanın və cinayət işi materiallarında vəzifəsi bir neçə firmanın direktoru kimi göstərilən Ağadadaş Rzayevin cinayət əməlləri məhkəmə yolu ilə tam sübuta yetirilib.
Müəyyən edilib ki, adı çəkilən şəxslər hazırda axtarışda olan digər şəxslərlə cinayət əlaqəsinə girərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin İntendant Ticarət və Təchizat Bazası tərəfindən 2000-ci ilin dekabr ayında keçirilmiş müsabiqə-tenderdə iştirak etmək bəhanəsi ilə külli miqdarda pul vəsaiti mənimsəyib.
Belə ki, onlar müsabiqə-tenderdə iştirak etmədikləri halda, guya ayrı-ayrı firmalardan Ədliyyə Nazirliyinin şəxsi heyəti və xüsusi kontingeti üçün ərzaq və digər məhsulların alınması barədə rəsmi sənədlərə yalan məlumatlar daxil ediblər. Bu yolla da ümumilikdə 15.011.422.400 manat (3 milyon 256 min 273 ABŞ dolları) mənimsəyiblər.
Cinayət işinin bütün halları məhkəmədə araşdırıldıqdan sonra filialın keçmiş rəhbəri Xalid Rəsulov 8 il 2 ay, iqtisadçı Qalib Rəsulov 8 il 6 ay, baş mühasib Səbinə Vəliyeva 3 il, Ağadadaş Rzayev isə 7 il 7 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Səbinə Vəliyevanın himayəsində azyaşlı körpə olduğuna görə məhkəmə təyin olunmuş cəzanın 8 ildən sonra icra olunması barədə qərar çıxarıb.