...

Azərbaycan İctimai Televiziyası və Macarıstanın "Duna" kanalı əməkdaşlığa dair saziş imzalayıb

Cəmiyyət Materials 26 Aprel 2006 16:32 (UTC +04:00)

Azərbaycan İctimai Televiziyası (İTV) və Macarıstanın "Duna" kanalı əməkdaşlığa dair saziş imzalayıb. Bu sazişdə hər iki ölkənin mədəniyyəti, məişəti və s. haqqında illik proqramlar mübadiləsi nəzərdə tutulur. Trend in xəbər verdiyi kimi, bu barədə aprelin 26-da Bakıda İTV-nin fəaliyyətinin 1 illiyinin yekunlarına həsr olunmuş mətbuat konfransında kanalın baş direktoru İsmayıl Ömərov məlumat verib.

"Proqramlar bütün efir günü yayımlanacaq, saziş isə artıq bu ildən etibarən gerçəkləşdirilməyə başlayacaq", - deyə İ.Ömərov qeyd edib. O nəzərə çatdırıb ki, proqramların hazırlanması üçün azərbaycanlı mütəxəssislər Macarıstana gedəcək, macar jurnalistlər və çəkiliş qrupları isə Bakıya gələcək.

"Bununla yanaşı, lazım gəldikdə, proqramlar mübadiləsi də aparılacaq", - deyə o əlavə edib.

"Biz artıq Azərbaycan haqqında 38 saat davam edən proqramları macar dostlarımıza təqdim etmişik. Burada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması mövzusuna xüsusi yer ayrılıb", - deyə İTV-nin baş direktoru vurğulayıb.

İ. Ömərov onu da bildirib ki, 2006-cı ilin sonu - 2007-ci ilin əvvəllərində Azərbaycanın efir məkanına İctimai Televiziya 2 adlı yeni telekanal çıxacaq. Onun sözlərinə görə, kanalın açılışı istiqamətində işlər tam sürətlə gedir və ilin sonunadək bu işlərin başa çatdırılması gözlənilir. Yeni kanalın siyasətində əsas yeri əyləncəli-mədəni tədbirlər tutacaq.

Xəbər lenti

Xəbər lenti