...

Mətbuat Şurası cəbhəyanı bölgələrdə yerli medianın durumunu müzakirə edib

Cəmiyyət Materials 19 İyul 2006 17:54 (UTC +04:00)

Milli mətbuatımızın 131-ci ildönümü ərəfəsində Azərbaycan Mətbuat Şurası Tərtər şəhərində "Cəbhəyanı bölgələrdə yerli medianın durumu" mövzusunda regional seminar keçirib. Trend in məlumatına görə, tədbirdə ətraf bölgələrdən - Ağdam, Xocalı, Goranboy, Yevlax, Bərdə, Kəlbəcər rayonlarında, Mingəçevir və Naftalan şəhərlərində çıxan qəzetlərin redaktorları, rayon (şəhər) icra hakimiyyəti aparatlarının media ilə işləyən məsul nümayəndələri, KİV-lərin bölgə müxbirləri, ictimaiyyətin nümayəndələri, ziyalılar iştirak ediblər.

Seminarda çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Iidadi İsayev Milli Mətbuatımızın 131-ci ildönümü ərəfəsində bölgə mətbuatının problemlərinin və inkişafı məsələlərinin müzakirəsinə həsr olunmuş tədbirin böyük əhəmiyyət kəsb etdiyini, rayonların sosial-iqtisadi və ictimai-siyasi həyatında mühüm rol oynaya bilən yerli qəzetlərin bundan sonrakı fəaliyyətinə müsbət təsir göstərəcəyini vurğulayıb.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov ölkədə müstəqillik dövrlərində bölgə mətbuatının dəyişdiyini və bir sıra ciddi problemlərlə üz-üzə qaldığını bildirib. O, qeyd edib ki, Şura yarandığı gündən bölgə mətbuatının problemlərinin araşdırılması və aradan qaldırılması istiqamətində xeyli işlər görüb. Ə.Amaşov xüsusilə cəbhəyanı bölgələrdə yerli qəzetllərin fəaliyyətinin gücləndirilməsinin əhəmiyyətindən danışıb.

Milli Teleradio Yayım Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib ki, Bakı şəhərində, istərsə də regionlarda media artıq həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Mərkəzi KİI-lərlə yanaşı Azərbaycanda müstəqilliyin qorunmasında və möhkəmləndirilməsində, vətəndaş cəmiyyəti quruculuğunun gücləndirilməsində bölgə mətbuatı da böyük məsuliyyət daşıyır.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, bölgə mətbuatının problemləri və inkişafı üzrə komissiyanın sədri Umud Rəhimoğlu "Cəbhəyanı bölgələrdə yerli medianın durumu" mövzusunda məruzə edib. Seminarda Yevlaxda çıxan "Kür" qəzetinin redaktoru Əminə Yusifqızı, "Yeni Tərtər" qəzetinin redaktoru Tofiq Yusifli, "Azərbaycan" qəzetinin bölgə müxbiri Lazım Quliyev, Goranboyda çıxan "Mübariz" qəzetinin redaktoru Fəxrəddin Xəlilov və başqaları çıxış edərək bölgə mətbuatının problemlərindən danışıblar və onların aradan qaldırılması üçün öz təkliflərini irəli sürüblər.

Həmin gün tədbirin təşkilatçıları- Əflatun Amaşov, Nüşirəvan Məhərrəmli, Yadigar Məmmədli, Umud Rəhimoğlu, RİH başçısı Iidadi İsayevlə birgə ön cəbhədə yerləşən "N" saylı hərbi hissənin əsgər və zabitləri ilə səngərdə görüşüblər. Görüş zamanı üzərinə Mətbuat Şurasından üzərində "Azərbaycan əsgərinə" yazılmış xatirə saatları, kitablar hədiyyə edilib.

Qeyd edək ki, tədbirdə Tərtər RİH-in "Tərtər" ali mükafatını təsis etdiyi bildirilib. Mükafat rayonun ictimai-siyasi, mədəni həyatında baş verən hadisələri obyektiv işıqlandıran KİI-lərə veriləcək.

Xəbər lenti

Xəbər lenti