...

Nazim İbrahimov: "Diaspor təşkilatları daxili problemlərini bağlı qapılar arxasında özləri çözməlidirlər"

Cəmiyyət Materials 24 İyul 2006 13:01 (UTC +04:00)

"Diaspor təşkilatlarının daxilində yaranan narazılıqlarla bağlı kənardan fəal şəkildə müdaxiləyə ehtiyac yoxdur. Çünki onlar öz problemlərini özləri həll edəcəklər". Bu fikirləri Trend ə açıqlamasında Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılara İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Ukrayna Azərbaycanlıları Konqresində yaranmış daxili narazılıqlara münasibət bildirərkən deyib.

O qeyd edib ki, Ukraynada 500 min azərbaycanlı yaşayır və onların bir hissəsi Ukrayna Azərbaycanlıları Konqresində (UAK) birləşib. N.İbrahimovun sözlərinə görə, çoxlu sayda insanların toplaşdığı qurumlarda, birliklərdə hər hansı məsələ ilə bağlı narazılıqların baş verməsi normal haldır: "Ola bilər ki, bir qrup insan Konqresin rəhbərliyindən, yaxud onun fəaliyyətindən narazı olsun. 500 minlik əhali arasında bir neçə nəfərin narazı olması labüd haldır. Mən hesab edirəm ki, belə narazılıqlar Konqresin öz daxili işidir və bunu özləri öz aralarında həll edəcəklər. Bu kimi problemlərə kənardan fəal şəkildə müdaxilə etməyə ehtiyac yoxdur. Zaman-zaman diaspor təşkilatlarının daxilində belə problemlər yaranır. Amma belə halları şişirtmək lazım deyil. Ukrayna AzərbaycanlılarıKonqresində təmsil olunanlar indiyədək bir yerdə, cəm halında yaşayan azərbaycanlılardır. Problemlərinin də məhz özləri tərəfindən çözülməsi daha məqsədəuyğundur".

Nazim İbrahimov bildirib ki, Dövlət Komitəsi UAK daxilində bir-birindən narazı tərəflərin hər hansınasa üstünlük vermir, əksinə onlara qarşı eyni münasibətdədəir: "Dövlət Komitəsi xaricdəki Azərbaycan diaspor təşkilatlarında fəaliyyət göstərən bütün insanları həmişə dəstəkləyib - onların hansı tərəfdə dayanmasından, mövqeyindən asılı olmayaraq. Ukraynadakı bütün aktiv diaspor nümayəndələrimiz Komitə ilə sıx əlaqədədir, bizimlə daim işləyirlər. Daxili narazılıqlara isə biz qarışmırıq. Çalışırıq ki, belə problemlər bağlı qapılar arxasında müzakirə olunsun və həllini tapsın. Çünki düşmənlərimizin belə hallardan bizim əleyhimizə istifadə etməsinə yol vermiəməliyik"-deyə Komitə sədri vurğulayıb.

N.İbrahimov əlavə edib ki, UAK-ın sentyabr ayında toplantısı keçiriləcək və bu məsələlərə də aydınlıq gətiriləcək, problem yoluna qoyulacaq. Qeyd edək ki, UAK-ın yeni rəhbərliyi seçilərkən bir qrup narazı üzvlər etiraz olaraq özlərinin ayrıca toplantılarını keeçirib, öz sədrlərini seçiblər.

Xəbər lenti

Xəbər lenti