Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyində Azərbaycan və Türkiyə arasında beynəlxalq turizm marşrutu hazırlanır. Bu barədə Trend ə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
"Əcdadların şanlı və qalibiyyətli tarixi yolu" adlı marşrut iki xalqın dostluq tarixinə həsr olunub. Hər iki ölkənin Mədəniyyət və Turizm Nazirliklərində layihənin hazırlanması və reallaşdırılması üzrə xüsusi işçi qrupu yaradılıb. Qrupa Müdafiə, Təhsil Nazirliklərinin, Milli Elmlər Akademiyalarının nümayəndələri daxildir. Layihə azərbaycanlıların erməni təcavüzündən azad edilməsi missiyası ilə Nuru Paşanın başçılığı altında Qafqaz islam ordusunun 1918-ci ildə Azərbaycana gəlmə tarixi ilə bağlıdır. Gənclər üçün nəzərdə tutulmuş layihə iki ölkə gənclərinin vətənpərvər ruhda tərbiyələndirilməsi və ümumi tarix və mədəniyyətə mənsubluq məqsədi daşıyır.
Marşrut tarixi hadisə yerlərindən keçəcək və Azərbaycanın bir sıra bölgələrini əhatə edəcək: Bakı- Şamaxı-Ağsu- Göyçay- Gəncə-Naxçıvan-Qars-Ərzurum-Sivas. Artıq tarixi hadisələrin xəritəsi və infor-turun reklamı, eləcə də tur iştirakçıları üçün çadırların maketləri yaradılıb.