...

Dövlət Komitəsinin şöbə müdiri: "Rusiyanın bütün vilayət və respublikalarında da qərargahlar yaradılacaq"

Cəmiyyət Materials 25 Dekabr 2006 18:10 (UTC +04:00)

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) ilə birgə Rusiyanın 7 federal dairəsində qərargahlar yaradıb. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Şakir Səlimov məlumat verib.

Rusiyada xidməti ezamiyyətdə olan Şakir Səlimov ÜAK-ın nümayəndələri ilə birgə Moskvadakı Bakı kinoteatrında qərargah yaradılmasında iştirak edib. Onun sözlərinə görə, Rusiyada miqrasiya ilə bağlı yeni qanun qüvvəyə mindikdən sonra bu ölkədə yaşayan azərbaycanlıların üzləşə biləcəyi problemlərin həlli məqsədilə Rusiyanın bütün federal dairələrində qərargahlar yaradılıb. Həmçinin soydaşlarımızın müraciət etməsi üçün Moskvadakı qərargahda "qaynar xətt" açılacaq, bu nömrə azərbaycanlılar arasında yayılacaq. Qərargahda ÜAK-ın Moskva regional təşkilatının hüquq-mühafizə mərkəzinin rəhbəri və Moskva şəhər təşkilatının sədr müavini çalışacaqlar. Şakir Səlimovun sözlərinə görə, Rusiyadakı azərbaycanlıların miqrasiya problemlərinin həlli məqsədilə Azərbaycanda yaradılmış Dövlət Komissiyasının üzvləri, yəni, müxtəlif nazirlikləri təmsil edən nümayəndələr müntəzəm olaraq qərargahlarla əlaqə saxlayacaq, Rusiyanın müxtəlif yerlərinə ezam olunacaqlar.

Ş.Səlimovun sözlərinə görə, ÜAK-ın prezidenti Məmmədbağır Əliyev Rusiyanın təkcə federal dairələrində deyil, həm də dairələrin tabeliyində olan bütün vilayətlərdə, respublikalarda qərargahların yaradılması barədə tapşırıq verib. Dövlət Komitəsi rəsmisinin sözlərinə görə, hazırda problemlərlə bağlı qərargahlara müraciət edənlər və ümumiyyətlə, Rusiyadan deportasiya edilən azərbaycanlılar yoxdur.

Xəbər lenti

Xəbər lenti