Rusiya, Moskva /müx. " R.Ağayev/ Bu gün Moskvada Azərbaycan mədəniyyəti günləri başlayır. Ölkəmizin Rusiyadakı səfirliyindən verilən məlumata görə, Azərbaycan mədəniyyəti günləri çərçivəsində keçiriləcək tədbirlərin təşkilatçıları rolunda Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə Moskva hökuməti çıxış edir.
Azərbaycan mədəniyyəti günlərinin təntənəli açlışı və Azərbaycanın incəsənət ustalarının qala-konserti aprelin 16-da saat 19.00-da E.V.Kolobov adına "Yeni opera" teatrında keçiriləcək. Səhərisi gün isə iki tədbir baş tutacaq. Bunlardan biri Azərbaycanın müasir foto sənətini əks etdirən sərgi (Moskvanın müasir incəsənət muzeyi, saat 15.00). digəri isə "Azərbaycan cazı-nəsillərin dialoqu" konsert proqramı (Moskva Teatr-Konsert Mərkəzi, saat 19.00) olacaq.
Azərbaycan mədəniyyəti günləri aprelin 18-də başa çatacaq. Həmin gün Azərbaycanın Dövlət Pantomima Teatrının ifasında R.Akuqaqavanın "Kesa və Morito" pyesı nümayiş etdiriləcək. Tamaşa saat 19.00-da Moskvanın "Ay Teatrı"nda göstəriləcək.
Qeyd edək ki, Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi ilə əlaqədar Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev Moskvada səfərdədir.