...

"Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin həbs olunmuş baş redaktorunun hüquqlarını iki vəkil müdafiə edəcək

Cəmiyyət Materials 24 May 2007 17:03 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin həbs olunmuş baş redaktorunun hüquqlarını iki vəkil müdafiə edəcək. Baş redaktor Eynulla Fətullayevin vəkili İsaxan Aşurov bildirib ki, cümə axşamı vəkil Aydın Nəzərli ilə müqavilə imzalanıb. Aşurovun sözlərinə görə, hər iki vəkil həm Milli Təhlükəsizlik Nazirliyində başlanmış cinayət işi üzrə, həm də xüsusi ittiham qaydasında şikayət üzrə müdafiəni həyata keçirəcəklər. Vəkil MTN-in İstintaq Baş İdarəsi tərəfindən terrorçuluq maddəsi ilə başlanmış cinayət işi üzrə Fətullayevin dindirilmədiyini və həmin işlə bağlı onlara məlumat verilmədiyini bildirib.

"Qarabağ gündəliyi" adlı məqaləsində Xocalıları təhqir etməkdə ittiham olunan adıçəkilən qəzetlərin baş redaktoru Eynulla Fətullayev aprelin 20-də Qaçqın və Köçkünlərin Hüquqlarını Müdafiə Mərkəzinin rəhbəri Tatyana Çaladzenin xüsusi ittiham qaydasında iddiası əsasında Bakının Yasamal rayon məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Baş redaktor məqalədə öz adından heç bir fikir vermədiyini və  dərc edilən fikirlərin onun müsahiblərinə məxsus olduğunu deyib. Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-cü maddəsi ilə terrorçuluqla hədələmə faktı üzrə cinayət işi başlanıb. Həmin cinayət işi üzrə dünən "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin redaksiyasında yerləşən Eynulla Fətullayevin ofisində, eləcə də onun evində qanunvericiliklə müəyyən edilmiş qaydada axtarış aparılıb.

"Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin redaksiyası mayın 20-si axşam Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən möhürlənib. Səbəb kimi qəzet redaksiyalarının yerləşdiyi binanın təhlükəsizlik standartlarına cavab verməməsi göstərilib.

"Gündəlik Azərbaycan" qəzetinin redaktoru Şahvələd Çobanoğlu bildirib ki, hər iki qəzetin və onların kollektivlərinin fəaliyyəti iflic vəziyyətinə salınıb, redaksiyanın avadanlıqları müsadirə olunub, həmçinin maliyyə imkanları məhdudlaşıb, qəzetin baş redaktoru həbsdədir. Bütün bunlara görə, həmin qəzetlərin fəaliyyəti dayandırılıb.

Xəbər lenti

Xəbər lenti