...

Moskvada skinxedlərin xəsarət yetirdiyi azərbaycanlı publisistin vəziyyəti yaxşılaşır

Cəmiyyət Materials 6 İyun 2007 12:57 (UTC +04:00)
Moskvada skinxedlərin xəsarət yetirdiyi azərbaycanlı publisistin vəziyyəti yaxşılaşır

Rusiya, Moskva/müxbir Trend R.Ağayev/ Rusiyalı skinxedlərin zorakı hücumunun qurbanı Cəfərsadıq Abbasov ciddi xəsarətlərlə Moskvanın 79 saylı şəhər klinik xəstəxanasındadır.

Azərbaycanlı Abbasova hücum iyunun 1-də axşam saatlarında baş verib. O, qızını qarşılamaq üçün saat 22:30-da "Kantemirovskaya" metro stansiyasına yollanmış və skinxedlər tərəfindən ağır döyülmüşdür.

Xəsarət alanın özü insidenti bu cür təsvir edib: "Evimizin arxasında şosseyə çıxmaq üçün yuxarı aparan pilləkən var. Sonuncu pilləkənə çıxanda solda yerləşən uşaq bağçası tərəfindən mənə tərəf gələn 15 gənc gözümə dəydi. Onların paltarları qara rəngdə idi və çoxu şortda idi. Onlar cəld məni sol və sağdan əhatəyə aldılar, mən kiçik boylu gəncin ani olaraq sol qoluma vurduğu zərbəsinə reaksiya verdim. Mənim "nə üçün?" sualıma o, beşbarmaqla alnıma zərbə vurdu. Zərbədən başım fırlandı. Bu zaman mən sağ qolumdan da zərbə aldım. Sonra bütün bədənimə hər tərəfdən yumruq və təpiklərlə zərbələr vurdular və mən yerə yıxıldım. Yıxılandan sonra anladım ki, yerdə uzanmış vəziyyətdə qalmağım daha təhlükəli ola bilər. Skinxedlərin istifadə etdiyi üsullar barədə çox oxumuşam. Bunu bildiyim üçün çox böyük çətinliklə ayağa qalxdım. Onlara müqavimət göstərmədim, qışqırmağa və köməyə çağırmağa başladım. Qışqırığımı batırmaq üçün onlar məndən bərk səslə qışqırırdılar. Mən onlar üçün hədəf idim".

Abbasovun sözlərinə görə, skinxedlər çox da cavan yaşlarında olmayan bir kişinin harayından sonra çaşqınlığa düşüb qaçıblar. Xəsarət alan təəccübünü bildirir: "Bütün bunların hamısı bizim evin sakinlərinin gözləri qarşısında baş verirdi. Onların əksəriyyəti baş verənlərə mənzillərinin eyvanlarından tamaşa edirdi".

79 saylı xəstəxananın cərrahiyə şöbəsinin müdiri Sabir Həbibov məlumat verib ki, Abbasov qapalı qarın travması, bel hissəsində gematoma, beyinin ağır silkələnməsi, alın nahiyəsinin yumşaq hüceyrələrinin zədəsi, sağ və sol yuxarı ətraflarının, aşağı sol ətrafının gematoma zədəsi ilə xəstəxanaya yerləşdirilib. "O, ağır və qeyri-adekvat vəziyyətdədir. Hazırda onun vəziyyəti yaxşılaşıb və orta ağır kimi qiymətləndirilir. Həftənin sonuna qədər stasionar müalicədə olacaq və vəziyyətindən asılı olaraq ambulator müalicəyə keçiriləcək" - deyə o əlavə edib.

Həbibov hesab edir ki, Cəfərsadığın bəxti gətirib ki, onu öldürməyiblər. Son zamanlar cinayətkarlar qurbanlarını sağ buraxmırlar. Buna misal olaraq bu yaxınlarda qafqazlını qətlə yetirmiş skinxedin məhkəməsini göstərmək olar. Qafqazlının bədənində 32 bıçaq yarası aşkar olunmuşdu. Hakimlər isə skinxedlərə bəraət verdilər.

Abbasov özü-özünə sual verir: "Kim zəmanət verə bilər ki, növbəti dəfə mənim qızım zorakılığın qurbanı olmayacaq? Mənim yerimdə slavyan görkəmi olmayan istənilən şəxs ola bilərdi. Hər zaman müdafiə olunmaq olmur. Heç yerdə belə deyil - müstəqil demokrtik ölkənin vətəndaşları vəhşiləşmiş gənclər tərəfindən öldürülmək təhlükəsi ilə yaşasınlar. İndi bütün gənclər qeyri-ruslara qarşıdır. Bu hal davam etməkdədir, çünki onlar cəzalandırılmayacaqlarına əmindirlər. Bu, onlar üçün sanki özlərini ifadəetmə metodudur. Mən artıq 26 ildir ki, Moskvada yaşayıram. Bu barədə bilirdim və çox yazmışam, lakin heç vaxt fikirləşməzdim ki, bu, mənim başıma gələ bilər".

Xəbər lenti

Xəbər lenti