...

Bakı Apellyasiya Məhkəməsi Hüseyn Abdullayevin şikayətinə baxıb

Cəmiyyət Materials 6 Avqust 2007 13:12 (UTC +04:00)
Bakı Apellyasiya Məhkəməsi Hüseyn Abdullayevin şikayətinə baxıb

Azərbaycan, Bakı / " müxbir İ.Əlizadə/ Bakı Apellyasiya Məhkəməsi sabiq millət vəkili Hüseyn Abdullayevin barəsində iki il müddətinə şərti azadlıqdan məhrumetmə ilə bağlı qərardan verilən şikayət ərizəsinə baxıb.

Məhkəmədə çıxış edən Abdullayevin vəkili Cavanşir Süleymanov vəsatətlə çıxış edib. O, Abdullayev və Fəzail Ağamalı arasında Parlamentin iclasında baş verən qarşıdurmanı əks etdirən videokasetə baxış keçirməklə bağlı vəsatət qaldırsa da, hakimlər bu təklifi rədd ediblər.

Milli Məclisdə martın 16-da millət vəkili Ağamalı ilə Abdullayev arasında yaranmış insident əlbəyaxa dava ilə nəticələnib. Abdullayevin deputat toxunulmazlığı baş prokurorun təqdimatı ilə Milli Məclisin martın 19-da keçirilmiş fövqəladə iclasında ləğv olunub və həmin gün o, məhkəmənin qərarı ilə həbs edilib.

Milli Məclisin İntizam Komissiyası baş vermiş insidentə görə, Ağamalıya töhmət verib.

Daha sonra məhkəmə iclasında çıxış edən vəkil Süleymanov Abdullayevə bəraət verilməsini istəyib. Dövlət ittihamçısı Möhbalı Qurbanov isə buna etiraz edib.

Müşavirə keçirən hakimlər Abdullayevin barəsində Səbail Rayon Məhkəməsinin mayın 18-də çıxartdığı hökmü qüvvədə saxlayıb. Hakim Rəsul Səfərovun sədrliyi ilə keçirilən iclasda bildirilib ki, Abdullayevin 20 gün müddətində kasassiya şikayəti vermək hüququ var.

Abdullayev barəsində Respublika Prokurorluğunda Cinayət Məcəlləsinin 132-ci (döymə) və 221.2.2-ci (xuliqanlıq) maddələri ilə cinayət işi açılsa da, istintaqın yekununda 132-ci maddə ilə işə xitam verilib. Sabiq millət vəkilinə Cinayət Məcəlləsinin 221.2-ci (xuliqanlıq) və 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddələri ilə ittiham elan olunub.

Xəbər lenti

Xəbər lenti