...

Azəbaycan oktyabrda İnsan Haqları üzrə Avropa Məhkəməsində keçiriləcək hakim seçkilərində iştirak edəcək

Cəmiyyət Materials 21 Avqust 2007 14:58 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ İnsan Haqları üzrə Avropa Məhkəməsinə oktyabrda seçkilər keçiriləcək. Bu barədə Trend ə Azərbaycanın Avropa Məhkəməsindəki hakimi Xanlar Hacıyev məlumat verib.

Hacıyevin sözlərinə görə, seçkilər bu ilin iyununa planlaşdırılmışdı: "Konvensiyanın 14-cü protokolunda hakimlərin səlahiyyət müddəti 9 il nəzərdə tutulub. Lakin Rusiya bu protokolu ratifikasiya etmədiyindən sənəd hüquqi qüvvəyə minməyib. Rusiyanın 14 saylı protokolu təsdiq edəcəyi ümid edildiyindən seçkilər oktyabradək təxirə salınıb".

Hacıyevin fikrincə, hakimlərin 4 il müddətinə seçilməsi məhkəmənin fəaliyyətinin effektliyini azaldır: "Dörd ilin ilk 2 ilində hakim məhkəmənin fəaliyyəti ilə tanış olur".

Azərbaycanın Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov çərşənbə axşamı Trend ə bildirib ki, Məhkəmə-Hüquq Şurası 3 nəfər hüquqşünasın namizədliyini irəli sürüb. Bunlar Azərbaycanın hazırda Avropa Məhkəməsindəki hakimi Xanlar Hacıyev, Ali Məhkəmənin hakimi Zakir Quliyev və Prezident Aparatının insan hüquqlarının müdafiəsi məsələləri sektorunun əməkdaşı Səadət Novruzovadır.

Azərbaycan 2002-ci il aprelin 15-də Avropa Konvensiyasının yurisdiksiyasına daxil olub. Avropa Məhkəməsinə hakim kimi Xanlar Hacıyev, Nigar Rəsulbəyli və Rüstəm Məmmədovun namizədliyi irəli sürülmüşdü.

İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının müddəalarına görə, hakimlər yüksək mənəvi keyfiyyətlərə malik olmalı və yüksək məhkəmə vəzifələrinə təyin olunarkən qoyulan tələblərə cavab verməli və ya tanınmış nüfuzlu hüquqşünaslar olmalıdırlar.

Hakimlər Avropa Şurasına üzv dövlətlərintəqdim etdiyi üç namizəd siyahısından, Parlament Assambleyasının səs çoxluğu ilə seçilir.

Avropa Məhkəməsinin hakimləri 6 il müddətinə seçilirlər. İlk dəfə seçilən hakimlərdə isə bu müddət aşağı olur. Hakimlər 70 yaşa çatdıqda onların səlahiyyət müddəti bitir.

Xəbər lenti

Xəbər lenti