...

Bir saylı cəzaçəkmə müəssisəsində yenə də məhkum öldü

Cəmiyyət Materials 21 Avqust 2007 15:06 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Bir saylı cəzaçəkmə müəssisəsində məhkum ölüb. Bu barədə Trend ə çərşənbə axşamı Nizami rayon prokurorluğundan məlumat verilib.

Hadisə ilə bağlı Nizami rayon prokurorluğunda araşdırma başlanılıb. Rayon prokurorunun köməkçisi Eldar Rəhimov bildirilib ki, məhkum Adəm Səmədovun özünü intihar etməsi ilə bağlı məlumatlar hələ ki, təsdiqlənmir. Rəhimovun sözlərinə görə, məhkum siqaret çəkərkən qəflətən yerə yıxılıb və ona tibbi yardım göstərilməsi üçün Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. Lakin məhkumun həyatını xilas etmək mümkün olmayıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin içtimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov isə Trend ə bildirib ki, ağır xəstə olan 58 yaşlı Səmədov cəzaçəkmə müəssisəsinin 2-ci mərtəbədəki tibb sanitariya hissəsinə qalxarkən ayağı burxulub və yerə yıxılıb. Məhkum kəllə beyin zədəsi ilə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə göndərilib.

Qeyri-rəsmi məlumata görə, Səmədov özünü ikinci mərtəbədən ataraq intihar edib.

Səmədov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə 15 il azadlıqdan məhrum edilib.

Bu,1 saylı cəzaçəkmə müəssisəsində avqust ayında baş verən ikinci ölüm hadisəsidir. Belə ki, bir sıra ağır cinayətlər törətdiyinə görə, məhkəmənin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilmiş Habil Tağıyev avqustun 12-də məhbus yoldaşı Qalib Hənifəyevi cay qaşığından hazırladığı kəsici alətlə vuraraq xəsarət yetirib. Hənifəyev Müalicə Müəssisəsində aldığı xəsarətdən vəfat edib. Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurmağa görə cinayət məsuliyyəti nəzərdə tutan 126.3-cü maddəsi ilə cinayət işi başlanılıb.

Xəbər lenti

Xəbər lenti