...

Azərbaycanda futbol üzrə dünya çempionatına könüllülərin qeydiyyatına başlanılıb

İdman Materials 26 Yanvar 2012 14:18 (UTC +04:00)
Azərbaycanda keçiriləcək 17 yaşadək qadın futbolçular arasında dünya çempionatında könüllü kimi çalışmaq istəyənlərin qeydiyyatına başlanılıb.
Azərbaycanda futbol üzrə dünya çempionatına könüllülərin qeydiyyatına başlanılıb

Azərbaycan, Bakı, 26 yanvar / Trend müxbir M.Əliyev/

Azərbaycanda keçiriləcək 17 yaşadək qadın futbolçular arasında dünya çempionatında könüllü kimi çalışmaq istəyənlərin qeydiyyatına başlanılıb.

FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin koordinatoru Nərgiz Məmmədova cümə axşamı Trend-ə bildirib ki, qeydiyyat bu il may ayının 12-dək aparılacaq.

Onun sözlərinə görə, 22 sentyabr-13 oktyabr 2012-ci il tarixlərində Azərbaycanda keçiriləcək dünya çempionatda öz şəxsi keyfiyyət və bacarıqlarını inkişaf etdirmək, yeni beynəlxalq dostlar əldə etmək və futbol dünyasının bir hissəsi olmaq istəyən hər bir şəxs qeydiyyat formasını doldurub [email protected] e-mail ünvanına "FIFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan 2012/Könüllülük" başlığı altında yollaya bilərlər.

Hər bir könüllü bir sıra üstünlüklərə sahib olacaq: könüllülər üçün xüsusi hazırlanmış uniforma, xidmət günlərində qida və içkilər, FIFA və Yerli Təşkilat Komitəsi tərəfindən təşkil ediləcək peşəkar təlimlər, xidmət günlərində ictimai nəqliyyatdan ödənişsiz istifadə, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin beynəlxalq könüllülük sertifikatı, könüllülər üçün təşkil edilmiş müxtəlif tədbirlərdə iştirak, könüllü komandası ilə birlikdə ölkədaxili səfərlər və könüllülər üçün xüsusi hazırlanmış digər əyləncəli tədbirlər.

Təşkilat Komitəsinin koordinatoru qeyd edib ki, maraqlanan şəxslər həmçinin www.fifa.com/azerbaijan2012 internet səhifəsindən də istifadə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti