Azərbaycan, Bakı, 23 noyabr /Trend/
Azərbaycanın parataekvondo üzrə milli komandası 15 medal qazanmaqla dünya çempionu titulunu qoruyub.
Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, seçmə komandanın baş məşqçisi, əməkdar məşqçi Əvəz Tağıyevin yetirmələrinin hər biri mötəbər yarışda medal qazanıblar.
Arubanın (Karib dənizində yerləşən və Kiçik Antil adalarına daxil olan Niderlanda məxsus ada dövləti) Santa Kruz şəhərində keçirilən nüfuzlu turnirdə 14 ölkədən 53 idmançı iştirak edib.
12 final görüşü keçirən idmançılarımızdan Emil Nüsrəttdinov (A6, -58 kq), Hüseyn Həsənov (A8, -80 kq), Vüsal İsmayılov (A6, +80 kq), Vüqar Adışirinov (A8, +80 kq), Aynur Məmmədova (A8, -57 kq) və Nicat Müslümov (A6, -68 kq) qızıl medal qazanıblar.
Gümüş mükafatlara Namiq Abbasov (A5, -58 kq), Rövşən Qəhrəmanlı (A8, -58 kq), Anar Hüseynov (A5, -68 kq), Rövşən Rzayev (A8, -80 kq), Cahangir Bayramov (A8, +80 kq) və Röyalə Fətəliyeva (A8, -49 kq) sahib olub. Mahmud Səmədov (A8, -68 kq), Əbülfəz Abuzərli (A8, -68 kq), Aleksandr Polişuk (A6, -80 kq) isə 3-cü yeri tutublar.
Xatırladaq ki, Azərbaycan parataekvondoçuları 2009-cu il iyunun 10-da ilk dəfə Bakıda 16 ölkənin iştirakı ilə keçirilən Dünya çempionatında 2-ci yeri, 2010-cu il mayın 11-də Sankt-Peterburqda növbəti analoji yarşda isə çempion olub. Ötən dünya çempionatında 6 qızıl, 6 gümüş və 3 bürünc medalla 1-ci nəticə göstərən milli komandamız ayın 24-də vətənə dönəcək.