Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir İ.İzzət/
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Trend-in məlumatına görə, iclasda Premyer Liqanın IV turunun oyunlarında baş verən hadisələrlə bağlı qərarlar verilib.
Premyer Liqanın IV turu çərçivəsində "Xəzər Lənkəran" - "Neftçi" matçında fasilə zamanı meydan sahiblərinin azarkeşləri "Neftçi" klubunun azarkeşləri olan sektora doğru hərəkət edərək onlara fiziki təsir göstərməyə cəhd ediblər, lakin polis tərəfindən insident sakitləşdirilib. Baş vermiş hadisə ilə əlaqədar matçın ikinci hissəsi 6 dəqiqə gec başlanıb.
Oyun başa çatdıqdan sonra yenidən "Xəzər Lənkəran" klubunun azarkeşləri "Neftçi" klubunun azarkeşlərinə hücum etməyə cəhd göstərib, polis və daxili qoşun qüvvələri tərəfindən buna imkan verilməyib və baş verə biləcək hər hansı xoşagəlməz hadisələrin qarşısı alınıb. Buna baxmayaraq, "Xəzər Lənkəran" klubunun azarkeşləri "Neftçi" klubunun azarkeşləri olan sektora və meydançaya çoxlu sayda pirotexniki vasitələr, oturacaqlar və digər əşyalar atıblar.
Azarkeşlər stadionu və ətraf ərazini tərk etdikdən sonra matçın hakimləri və "Neftçi" klubunun azarkeşləri polisin müşayiəti ilə stadiondan çıxıblar.
Yuxarıda göstərilən hadisələri nəzərə alaraq İntizam Komitəsi aşağıdakı qərarları qəbul edib:
- 2013/2014 mövsümü Premyer Liqası və Azərbaycan kuboku matçlarında bu klubların öz aralarında keçirəcəyi oyunlarda qonaq komandanın azarkeşlərinin stadionlarda iştirakına qadağa qoyulub.
- Stadionda baş vermiş kütləvi intizamsızlığa görə "Xəzər Lənkəran" klubu 5000 manat cərimə olunub.
- Pirotexniki vasitələrdən istifadə edilməsi və meydançaya kənar əşyalar atılmasına görə "Xəzər Lənkəran" klubu 4000 manat cərimə olunub.
- "Xəzər Lənkəran" klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandırılmasına görə klub 1000 manat cərimə olunub.
- "Xəzər Lənkəran" və "Neftçi" klublarının azarkeşlərlə apardığı işin səviyyəsi çox aşağı olduğuna görə hər iki klub 5000 manat cərimə olunub.
- Hər iki klubun ev sahibi olduqları oyunlarda analoji hadisənin yenidən baş verəcəyi təqdirdə klub Premyer Liqa və Azərbaycan kuboku çərçivəsində ev oyunlarını azarkeşsiz keçirəcək.
- Matçın gedişində stadionun diktoru tərəfindən "Xəzər Lənkəran" azarkeşlərinə öz komandalarını dəstəkləməyə çağırış xarakterli şüarlar səsləndirildiyinə görə "Xəzər Lənkəran" klubu 2000 manat cərimə olunur.
- "Xəzər Lənkəran" klubunun futbolçusu Elnur Allahverdiyevlə "Neftçi" klubunun oyunçusu Araz Abdullayevin idmançıya yaraşmayan hərəkətlərinə görə "Xəzər Lənkəran" və "Neftçi" klubları 2000 manat cərimə olunublar.
Premyer Liqanın IV turunun AZAL - "Sumqayıt" matçının 54-cü dəqiqəsində "Sumqayıt" klubunun futbolçusu Kərim Diniyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
Oyunun 73-cü dəqiqəsində "Sumqayıt" klubunun futbolçusu Məhəmməd Mirzəbəyov sonuncu ümid qoluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
Premyer Liqanın IV turunun "Simurq" - "Bakı" matçında "Simurq" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Premyer Liqanın IV turunun "Qəbələ" - "Qarabağ" matçında "Qarabağ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Oyunun 80-ci dəqiqəsində "Qəbələ" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.
Premyer Liqanın IV turunun "Rəvan" - "İnter" matçında "Rəvan" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.